Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına daxildir. Bəs süni mayalanma da bu xidmətlərə aiddir?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, süni mayalanma texnikası icbari tibbi sığorta təminatına daxil deyil.
Qeyd edək ki, ovulyasiya və mayalanma prosesinin qiymətləndirilməsi üçün FSH, LH, prolaktin, estrogen, progesteron, sərbəst testosteron və TSH hormonlarını ölçən testlər icbari tibbi sığortanın Xidmətlər Zərfində təminata daxildir.
Bundan əlavə, ureaplazma, mikoplazma, süzənək, trixomoniaz, xlamidiya və digər infeksiyalara dair laborator analizlər, həmçinin reproduktiv sağlamlığın qiymətləndirilməsi üçün USM və digər instrumental-diaqnostik müayinələr sığorta çərçivəsində mövcuddur.
Sonsuzluğun diaqnostikasına kolposkopiya, HSG müayinələri və hipofiz vəzinin problemlərini müəyyən edən əlavə testlər daxildir. Tibbi göstəriş əsasında pasiyentlər rentgen, KT və ya MRT müayinələrindən keçə bilərlər.
Sevinc İbrahimzadə / Metbuat.az