“Mançester Siti” transfer bazarında daha bir gənc istedadın izinə düşüb. İngiltərə klubu Fransanın “Lill” komandasında çıxış edən 18 yaşlı yarımmüdafiəçi Ayub Buadinin transferini tamamlamağa yaxındır.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, fransalı futbolçu artıq tibbi müayinədən keçib. Tərəflər arasında müqavilənin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər də imzalanıb.
“Mançester Siti” Buadinin transferinə görə “Lill”ə 95 milyon avro zəmanətli ödəniş edəcək. Razılaşmada əlavə olaraq 5 milyon avro bonus da yer alıb. Bu isə keçidin yekun dəyərinin 100 milyon avroya yüksələ biləcəyi deməkdir.
Buadinin transferi baş tutacağı təqdirdə, onun 18 yaşında belə yüksək məbləğə klub dəyişməsi xüsusi diqqət çəkəcək. “Lill” akademiyasının yetirməsi olan futbolçu əsas komandada ilk oyununa 2023/24 mövsümündə çıxıb. Həmin vaxt onun cəmi 16 yaşı var idi.
Gənc yarımmüdafiəçi ötən mövsüm də Fransa klubunun əsas oyunçularından biri olub. Buadi bütün turnirlər nəzərə alınmaqla 42 qarşılaşmada meydana çıxıb və 1 məhsuldar ötürmə edib.
“Mançester Siti”nin bu transferlə gələcəyin perspektivli futbolçularından birini heyətinə qatmaq istədiyi bildirilir.