Dünyada uzun illər dondurulmuş vəziyyətdə saxlanılan embriyonun doğuşla nəticələnməsi diqqət çəkib. 1994-cü ildə yaradılan embriyo 31 ildən sonra dünyaya gələn körpənin doğulmasına səbəb olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də 1994-cü ildə yaradılan embriyo təxminən 31 il ərzində maye azot çənində dondurulmuş vəziyyətdə saxlanılıb. 2025-ci ildə isə həmin embriyodan sağlam körpə dünyaya gəlib. Bununla da o, canlı doğuşla nəticələnən ən uzun müddət dondurulmuş embriyo kimi qeydə alınıb.

Embriyo spermatozoid və yumurtanın birləşməsindən sonra yaranan və inkişafını davam etdirən ilkin mərhələdir. Süni mayalanma zamanı yaradılan embriyolar istifadə edilmədikdə maye azotla dondurularaq uzun müddət saxlanıla bilər.

Hadisənin tarixçəsi 1994-cü ilə gedib çıxır. Həmin il Linda Arçerd süni mayalanma müalicəsi zamanı dörd embriyo əldə edib. Qızının dünyaya gəlməsindən və həyat yoldaşından ayrılmasından sonra digər embriyolardan istifadə edə bilməyib.

İllər keçdikcə saxlama xərclərinin artması Arçerdi embriyoları uşaq sahibi olmaq istəyən başqa bir ailəyə bağışlamaq qərarına gətirib. Daha sonra embriyolardan üçü Lindsi və Tim Pirs cütlüyünə verilib.

Üç embriyodan biri əridilmə prosesi zamanı istifadə üçün yararsız hala düşüb. Digər embriyolardan biri isə uğurla əridilərək Lindsi Pirsin uşaqlığına köçürülüb. Nəticədə 2025-ci ildə sağlam körpə dünyaya gəlib.

Həkim Con Devid Qordonun sözlərinə görə, həmin embriyo 11 148 gün, yəni 31 ildən artıq müddətdə dondurulmuş vəziyyətdə qalıb. Bu göstərici canlı doğuşla nəticələnən dondurulmuş embriyolar arasında yeni rekord hesab olunur.