Hindistanın Bengaluru şəhərində göydələnin zirvəsində inşa edilən malikanə illərdir boş vəziyyətdədir.
Metbuat.az xəbər verir ki, iş adamı Vijay Mallya üçün tikilən “Sky Mansion”un dəyəri təxminən 17 milyon avrodur. Yerdən 122 metr yüksəklikdə yerləşən iki mərtəbəli malikanə təxminən 3700 kvadratmetr sahəni əhatə edir. “Göydəki Ağ Ev” adlandırılan malikanənin dizaynında ABŞ prezidentlərinin iqamətgahı olan Ağ Evdən ilhamlanıldığı qeyd edilir. Məlumata görə, burada xüsusi helikopter meydançası, açıq və qapalı hovuzlar, idman zalı, spa, geniş terraslar və abadlaşdırılmış bağlar nəzərdə tutulub. Binanın ətrafındakı müşahidə meydançalarından Bengaluru şəhərini 360 dərəcə görmək mümkündür. Malikanəyə birbaşa çıxış verən xüsusi liftlər də layihənin diqqətçəkən xüsusiyyətləri arasındadır. Lakin Mallyanın maliyyə və hüquqi problemləri səbəbindən dəbdəbəli tikili heç vaxt onun yaşayış evinə çevrilməyib.
“Kingfisher Airlines”ın iflasından sonra Mallya və şirkətləri böyük borclarla bağlı araşdırmaların mərkəzinə düşüb. Saxtakarlıq və çirkli pulların yuyulması ittihamları ilə üzləşən iş adamı ittihamları rədd edib və 2016-cı ildə Hindistanı tərk edərək İngiltərəyə gedib. Məlumata görə, onun Hindistandakı banklara borcları 1 milyard dolları ötüb və hüquqi proses çərçivəsində müxtəlif əmlaklarına həbs qoyulub.
Göydələnin zirvəsindəki malikanə də bu proseslərin fonunda istifadəsiz qalıb. Hazırda milyonlarla avro dəyərində olan “Göydəki Ağ Ev” boş vəziyyətdə Bengaluru siluetində görünməkdə davam edir.