Dünya futbolunun tanınmış simalarından olan David Silva futboldan ayrıldıqdan təxminən üç il sonra yenidən yaşıl meydanlara qayıtmaq qərarına gəlib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı ispaniyalı yarımmüdafiəçi 2023-cü ildə ciddi zədə səbəbindən peşəkar karyerasını başa vurduğunu açıqlamışdı. Lakin Silva futboldan uzun müddət ayrı qala bilməyib.
Təcrübəli futbolçu karyerasını davam etdirmək üçün Honq Konq çempionatında çıxış edən “Supreme Sha Tin” klubu ilə müqavilə imzalayıb. Klubdan verilən məlumata görə, Silva yaxın günlərdə Honq Konqa gedərək komandanın məşqlərinə qatılacaq.
Silvanın əsas məqsədi əvvəlcə fiziki formasını bərpa etmək və yeni komandası ilə meydana çıxmağa hazırlaşmaqdır.
Qeyd edək ki, David Silva peşəkar futbolçu kimi 20 il ərzində böyük uğurlara imza atıb. İspaniyalı futbolçu xüsusilə “Mançester Siti”dəki çıxışı ilə yadda qalıb.
Silva İngiltərə klubunun heyətində 436 rəsmi oyuna çıxıb, 77 qol vurub və 140 məhsuldar ötürmə edib. O, “Mançester Siti” ilə 4 dəfə İngiltərə Premyer Liqasının çempionu olub.
İspaniya millisinin formasını geyinən Silva isə 2010-cu ildə dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu olub.