Bakıda “Karaoke” üzrə dünya çempionatı çərçivəsində ilk müsabiqə keçirilir.

Tədbirin təşkilatçılarından olan Zaur Kamalın Lent.az-a verdiyi məlumata görə, çempionat uğurlu keçir. Çempionatda bir çox şirkətlərin bütöv komandaları (“Nestle”, bp və s.) iştirak edirlər. Məlumatda bildirilir ki, bu günə kimi çempionatda 367 namizəddən seçilmiş 32 nəfər iştirak edir. Dünya çempionatının təşkilat komitəsinin şərtlərinə görə, qaliblər bu çempionatdan heç bir maddi gəlir əldə etməyəcəklər.

Z.Kamalın dediyinə görə, iştirakçıların seçimi davam edir və hər bazar ertəsi müxtəlif mahnı janrları üzrə turlar keçirilir. Dekabrın ilk günündə isə “Azərbaycan estradası” turu keçiriləcək. Çempionata dekabrın 30-da yekun vurulacaq.

Qeyd edək ki, dünya çempionatının təşkilat komitəsinin şərtlərinə görə Bakıda keçirilən çempionat çərçivəsində milli mükafat təsis olunub və bu “Xəzərin karaoke hiti” adlanır. Bu mükafat karaoke ifaçılarının ifa etdiyi milli estradamızın ulduzlarının ən məşhur hitlərinə təqdim ediləcək. Təşkilat komitəsinin açıqlamasına görə, iki həftə ərzində ən çox reytinq qazanan mahnılar bunlar olub:

I yer - Rəşid Behbudovun repretuarından “Sevgilim” mahnısı (bəstəkar Tofiq Quliyev),

II yer “Röya Ayxanın repretuarından “Deyin ona” mahnısı,

III yer Lalə Məmmədovanın repertuarından “Məktəb illəri” mahnısı (bəstəkar Aygün Səmədzadə).

Xatırladaq ki, müsabiqənin münsiflər heyətində Azərbaycanın xalq artisti Yalçın Rzazadə, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, aranjemançı Yaşar Baxış, Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, “ŞFT” MMC-nin rəhbəri Fərhad Şabanov, “Stop klub”un rəhbəri Elçin Səmədov və Zaur Kamal təmsil olunurlar.

Ülkər Rəşidqızı