Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın görkəmli şair və publisisti Vaqif Səmədoğlu 75 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” mərhum şairin xatirəsini yad edərək onun sevilən şerlərindən bəzilərini oxucularına təqdim edir:
Nifrətin yatan yerini,
Qəzəbin batan yerini,
Duaların göy üzündə
Allaha çatan yerini,
Gözlə, bilib gələcəyəm...
Çiynindən atma daşımı,
Dizinə qoyum başımı,
Bilsəm ki, gözləyənim var,
Bir daş ilə göz yaşımı,
Gözlə, silib gələcəyəm..
***
Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi...
Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir...
Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...
***
Qağayı, axtar məni,
Bu yerdən apar məni,
Ölüm köksümü döyür,
Qorxuram açar məni…
İçim qara gecədir.
Səkisiz dar küçədir.
Qağayı, dəniz üstdə
Söylə, saat neçədir?
***
Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?
Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə...
Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla...
***
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
***
Bu payız da başlandı,
Bu yağış da...
Ölülərim,
Dirilərim dolanır içimdə,
Xatirələr səyriyir gecəmdə,
Təkliyimi minib at tək
Yanır
sönür
ötür ömrüm...
Ekspreslər dayanmayan
Kiçik stansiyalar tək
***
Doğuldum 1939-da,
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar...
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm.
***
Yollar uzun, yollar gödək
Nə fərqi var hansı eldə,
Hansı yolda azasan?
Ellər min-min, dillər min-min,
Nə fərqi var... hansı eldə,
... Hansı dildə susasan?
Milli.Az