Madrid, 13 sentyabr, AZƏRTAC
İspaniya paytaxtı Madriddə minlərlə insanın iştirakı ilə yürüş-mitinq keçirilib. Madrid Qeyri-Leqallar Assosiasiyası və San Karlos Borromeo kilsəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya şəhərin mərkəzi küçələrindən keçməklə İspaniya Daxili İşlər Nazirliyinin qarşısında yekunlaşıb.
“Qaçqınlar, xoş gəlmisiniz!” şüarı altında keçən mitinqin iştirakçıları son vaxtlar Avropanın əsas probleminə çevrilmiş qaçqın axını ilə bağlı fikirlərini ifadə ediblər. Onlar Avropa Birliyi tərəfindən 120 min, o cümlədən İspaniya tərəfindən 15 min qaçqının qəbulu planını dəstəkləyiblər. Bununla bərabər mitinq iştirakçıları Avropanı bu mövzuda daha məsuliyyətli davranmağa çağırıblar.
Mitinqdə Madrid merinin müavini, İspaniyanın sol yönümlü siyasi təşkilatlarının rəhbərləri iştirak ediblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid