SOCAR-ın idarə və müəssisələrində ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

SOCAR-ın idarə və müəssisələrində ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib
18:37 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəəssisələrində, eləcə də xaricdə fəaliyyət göstərən nümayəndəliklərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi  yad edilir.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün "Azərikimya" İB-də ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Natiqlər qeyd ediblər ki, bu gün müstəqil Azərbaycan dövlətinin dinamik inkişaf edərək beynəlxalq aləmdə öz layiqli yerini tutmasına görə xalqımız ümummilli lideri Heydər Əliyevə borcludur. Dahi lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışı qısa bir müddətdə Azərbaycanı düşdüyü fəlakətlərdən xilas edib, Ulu öndərin ardıcıl, uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanıb.
Natiqlər Sumqayıtın və kimya sənayesinin inkişaf və tərəqqisinin bilavasitə Ulu öndərin adı ilə bağlı olduğunu xüsusilə vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın digər sahələri kimi kimya sənayesinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda SOCAR-ın "Azərikimya" İB-nin istehsal gücünün, kimya məhsullarının çeşidinin artırılması məqsədilə yeniləşmə, müasirləşmə proseslərinin həyata keçirilməsi istiqamətində intensiv tədbirlər görülür. Ulu öndər Heydər Əliyevin anım tədbirləri "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarəsində də keçirilib.
Ulu öndərin adını daşıyan Bakı Dərin Özüllər Zavodunda keçirilən anım mərasiminin iştirakçıları əvvəlcə ulu öndərin müəssisə ərazisində yerləşən abidəsini ziyarət edib, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Zavodun direktoru Ayaz Qarayev qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və əbədi xalq məhəbbəti qazanan öndər kimi həkk olunub. Bakı Dərin Özüllər Zavodu dahi öndərin uzaqgörən siyasəti və gərgin mübarizəsinin nəticəsində ərsəyə gəlib, müəssisənin Bakıda tikilməsi barədə qərarın verilməsi məhz Heydər Əliyevin sayəsində mümkün olub. Bildirilib ki, Ulu öndərin təşəbbüsü ilə tikilmiş müəssisənin həm SSRİ, həm də müstəqillik dövründə Azərbaycan neft sənayesinin inkişafında əvəzsiz rolu olub. “BOS-Şelf” MMC-nin baş direktoru İxtiyar Axundov Azərbaycan iqtisadiyyatının yüksəlişində dahi öndərin fəaliyyətindən söz açıb. Vurğulanıb ki, ümummilli lider Heyər Əliyevin müəyyənləşdirdiyi neft-qaz siyasəti, bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Bakı Ali Neft Məktəbində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü qeyd olunub. Əvvəlcə Ulu öndərin BANM-dəki büstü önünə gül dəstələri qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rektor Elmar Qasımov müdrik dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolundan bəhs edib, tələbələrə Ümummilli liderin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verib. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, İnsan hüquqları Komitəsinin sədri Bahar Muradova bildirib ki, Ulu öndər Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələr həyata keçirib. Sonda Ulu öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən film nümayiş olunub.
Ekologiya İdarəsində anım mərasimi iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Ekologiya İdarəsinin rəis müavini Ə.Həsənov, baş mühəndis Y.Ağasiyev, Ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi F.Hacıyev, YAP Nizami rayon təşkilatının aparat rəhbəri R.Vəlibəyov çıxışlarında qeyd eediblər ki, ümummilli lider xalqımızın yaddaşında parlaq siyasi dühası, vətənpərvərliyi, səmimiyyəti və digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Heydər Əliyevin cəmiyyətin iqtisadi, siyasi, sosial, mədəni sahələrinin ən müxtəlif aspektlərini əhatə edən geniş diapazonlu, nəsillərə örnək olan fəaliyyəti xüsusi vurğulanıb.
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə kollektiv üzvlərinin iştirakı ilə tədbir keçirilib. Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. TTSİ-nin rəisi Fuad Süleymanov çıxış edərək, Ümummilli lider Heydər Əliyevin ictimai həyatın bütün sahələrində həyata keçirdiyi uğurlu siyasətdən danışıb. Qeyd olunub ki, Ümummilli liderin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və öz bəhrələrini Azərbaycan xalqının sosial yüksəlişində bariz surətdə göstərir. Sonra İdarənin rəisi Fuad Süleymanov “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəzada həyatını itirən insanların yaxınlarına, bütün xalqımıza başsağlığı verib, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rumıniyanın paytaxtı Buxarest şəhərinin mərkəzində yerləşən Tey parkındakı Heydər Əliyev Xiyabanında ümummilli liderin anım mərasimi keçirilib. Mərasimdə SOCAR-ın Rumıniya nümayəndəliyi, Azərbaycan və Türkiyənin Buxarestdəki səfirləri, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi üzvləri, eləcə də bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. Anım mərasimində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, SOCAR-ın rəhbərliyi adından Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil qoyulub.
Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində keçirilmiş anım mərasimində İran rəsmiləri, dini xadimlər və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundov dahi lider Heydər Əliyevin fəaliyyəti haqqında məruzə ilə çıxış edib. SOCAR-ın İran nümayəndəliyinin direktoru Oqtay Sadıqzadə Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası haqqında çıxış edib, "Günəşli" yatağında baş vermiş yanğın hadisəsi ilə bağlı aparılmış xilasetmə işləri barədə iştirakçıları məlumatlandırıb. Tədbirin sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib. 












Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-in-idare-ve-muessiselerinde-umummilli-lider-heyder-eliyevin-xatiresi-yad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR