Sonuncu platforma (VİDEO)

Sonuncu platforma (VİDEO)
01:41 14 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Xəzərdə baş verən təbii fəlakət və ondan törəyən daha dəhşətli insan fəlakətini hiss etmək üçün 10 saylı platformaya yola düşmək arzusu iki mətləblə bağlı idi. Əvvəla əslində vəziyyətin necə olduğunu, burada baş verənlərin hisini, tüstüsünü istisini hiss etmək, ikincisi də bizim bəzi ağzıgöyçəklərin düşüncə və mülahizələrini real vəziyyətlə tutuşdurmaq.

Burada da iki məqam var. Bəziləri əvvəl ağıllarına və ağızlarına gələnləri ona görə yazırdılar ki, birinci gün informasiya qıtlığı bir az var idi. Amma sonradan informasiya, hətta qədərindən artıq olanda da bu yazılar davam etdi.

Məsələn, belə ruhda fikirlər peyda oldu ki, biz həmişə beləyik, vətəndaşımızı qoruya bilmədik, filan şey köhnə idi, filan avadanlığı dəyişmək olardı, fırtına barədə məlumata qulaq asmaq lazım idi və s…

Proseslər göstərdi ki, informasiyanı provakasiyaya, hətta az qala diversiyaya çevirmək istəyən qüvvələr var imiş və onlar bunu bilərəkdən edirmişlər.

"#Pray For Azərbijan" haşteqi Azərbaycandan xaricdə yaranmışdı. Hələ heç nə məlum olmayanda onlar artıq Azərbaycan üçün dua edirdilər. Bu haşteqə qoyulmuş şəkillərdən görünürdü ki, məqsəd duadan çox qarğış imiş. Xalq xeyli məyus oldu. Şayiələr ayaq açdı. Amma bazar günündən sonra vəziyyət dəyişdi.

Dekabrın 6-dan etibarən məlumatlar səliqəli şəkildə yayıldı. Əhaliyə normal, anlaşıqlı, peşəkar məlumat verilməyə başlayandan sonra insanlar itkiləri necə anmaq barədə düşünməyə başladılar.

Dənizə gül səpmək ictimaiyyətin çox ehtiramlı reaksiyası idi. Beləliklə, biz sizinlə 10-cu platformaya gedirik. 30 nəfər üçün həm də sonuncu platformaya.

Səhər saat 7:30. Zabrat hava limanı. Yoxlanışlardan və suda təhlükəsizliyimizi təmin etmək məqsədilə verilən xüsusi gödəkçələri geyindikdən sonra Fövqəladə Hallar Nazirliyinə məxsus helikopterlə “Günəşli” yatağına, 10-cu platformaya doğru yola düşdük.

Helikopterin bir məqsədi də itkin düşənlərin axtarışını həyata keçirmək idi. Müraciətimiz anlayışla qarşılandığından axtarış prosesini çəkməyə icazə verdilər. Helikopter Xəzərin səthinə yaxın yerdən uçurdu. Elə bir məsafədə ki, burdan aşağı çox aydın görünürdü.

Ekipaj və içəridəki dalğıclar ilyüminatordan gözlərini çəkmirdilər. Elə mənim də gözüm sakit-sakit sayrışan sularda idi. Göz-gözdən itidir, bəlkə mən də kimisə görə bildim, tapa bildim deyə. Elə bil heç bir həftə əvvəl dünyanı alt-üst edən qatil dəniz deyildi… Amma çox çətin idi. Axatırşı aparanlar əslində, səhrada iynə axtarmağa bərabər bir işlə məşğul idilər.

Dövlət Sərhəd Xidmətinin helikopterlərindən məlumat alınmışdı ki, dənizdə xilasedici dairə aşkarlanıb. Biz ona "spasatelnıy kruq" da deyilir. Ümidlə həmin rayona səmt aldıq. Helikopter dənizin az qala 20 metrliyinə qədər endi. Dairə boş idi… Daha iki dəfə belə siqnal aldıq və hər dəfə də boş… Uşaqlar dayanmadan Xəzəri müşahidə edirdilər. Bəzən qapını açıb daha aşağıdan uçur yaxın ətrafı diqqətlə gözdən keçirir, bəzən də gözlərini bir nöqtəyə zilləmiş kimi elə helikopterin şüşəsindən boylanırdılar.

Xəzərin Qazaxıstan sahillərinə qədər gedib çıxdıq. Bu o yer idi ki, bir neçə gün əvvəl məhz burdan 6 nəfər itkin düşmüş dənizçinin meyiti çıxarılmışdı. Xilasedicilər bir az da bundan ürəklənərək nəticəyə inanırdılar.

Axtarış prosesinin özü də maraqlıdı. Şturman Əfqan qarşısındakı balaca bir cihaza baxır, eyni zamanda qarşı şüşədən dənizi nəzərdən keçirirdi. Eyni zamanda. Diqqətlə. Axtarışın texnologiyası qısaca belədir:

“Hazırda tapdığımız hər bir şeyi qeyd edirik. Daha sonra bunu kvadratlar üzrə bölürük. Böldükdən sonra hərə öz kvadratında iş aparır. 100-150 metirdə hər bir şeyi gözlə axtarırıq. Bu kvadrat üzrə yoxlama prosesi başa çatdıqda sonra, yerlərimizi dəyişirik. Ola bilsin ki, bizim görmədiyimiz digərləri görsün. Suda xilasedici gödəkcələrin böyük bir hissəsi görünmür, suyun altında olur, suyun üstündən demək olar ki, heçnə tapmaq olmur. Hamısı dalğanın altında olur”, deyə Əfqan Şükürov bildirdi.

- İndi bu saat biz konkret hədəfə gedirik, yəni heç olmasa, hardansa bir məlumat varmı ki, kimisə aşkar ediblər?

- Aparılan axtarış zamanı gödəkçələri tapdığımız yerdən axtarışları davam etdiririk. Şimal küləyindən sonra ərazi üzrə cənub küləyi başladı. Məhz platformandan dənizə düşən insanları şimal küləyi şimal istiqamətinə apardı, cənub küləyi isə onları cənub istiqamətinə gətirdi. Hazırda cəmi 6 nəfər tapılıb.

Əlbəttə bütün bunlar maraqlı idi. Amma daha maraqlısı bilirsiz nə idi? Əfqan müsahibə verdiyi müddətdə gözünün ucuyla həm də kameraya baxmışdı axı. Elə bu barədə düşünürdüm ki, helikopter yenidən geriyə dönərək bayaq müsahibənin verildiyi vaxta təsadüf edən yerin üzərində dövrə vurdu. Əfqan müsahibə vaxtı diqqətdən qaçıra biləcəyi ərazini bir daha müayinə etdi. Bir azdan 10-cu platformaya yaxınlaşdıq:

Hazırda hadisənin baş verdiyi 10-cu platformada yanğın söndürmə prosesi fəal fazada olsa da, hələlik heç bir effekt yoxdur. Bütün cəhdlərə baxmayaraq yanğın davam edir.

Qatı tüstü və alov göyə bülənd olmuşdu. Yanğının söndürülməsinə cəlb olunmuş gəmilərdən qalxan su şırnaqları alovun ocağına yönəlmişdi. Amma alov o qədər güclü idi ki, sanki su da yanırdı… 10-cu platformaya enməyə icazə yoxdur. Ona görə də qəza yerinə ən yaxın olan əraziyə enməliydik. 5-ci özülə.

Bizi xəbərdar etdilər ki, helikopterdən yalnız müvafiq əmrdən sonra düşək və dərhal da açıq halda bizi gözləyən lyukdan aşağı enək. Yoxsa helikopterin pərlərinin küləyi bizi dənizə atar. Elə də etdik. Saat 14:00. Düşdük və bir mərtəbə aşağıda bizi qarşıladılar, uşaqlarla tanış olduq, həmin günün şahidləri idi çoxu, bizi təlimatla tanış etdilər.

“Özülümüzdə 4 toplanma məntəqəsi mövcuddur. Belə ki, bir saylı toplanma məntəqəsi videotəlimatda da qeyd olunduğu kimi mühəndis otağı, iki saylı toplanma məntəqəsi yeməkxana, üç saylı toplanma məntəqəsi soyunub-geyinmə otağı və dörd saylı toplanma məntəqəsi isə istirahət otağıdır”, deyə 5 saylı özülün təhlükəsizlik mühəndisi Rəşad Həsənov bildirdi.

Sonra dənizçilərin həyatını təhlükədən necə qormaq yolları barədə videoçarx da göstərdilər. Fürsət tapıb sizə həmin o məhşur gecə dənizçilərin yarısının qayıq kimi minib tabut kimi düşdüyü qayıq barədə də məlumat vermək istəyirəm. Beşinci özüldə bizə o bədbəxt qayığın eynisini göstərdilər. Bu barədə niyə ayrıca danışmaq istəyirəm, ona görə ki, çoxlu ağzıgöyçəklər var. Onlar qayığın guya 5-6 nəfərlik olduğunu, heç bir təhlükəsizlik qaydalarına uyğun gəlmədiyini, standartlardan aşağı olduğunu idda edirlər:

5 saylı özülün təhlükəsizlik mühəndisi Rəşad Həsənov xilasedici qayıq barədə məlumat verərək əlavə etdi ki, bu özüldə təhlükə yaranarsa, özül rəhbərliyinin əmrinə əsasən şəxsi heyət xilasedici gödəkcələri geyərək, qayığa əyləşirlər və növbəti əmri gözləyirlər: “Qayıq 42 nəfər üçün nəzərdə tutulub. Qayıq hər bir şey yüksək səviyyədə təchiz olunub. İnsanların bu qayıqda qalmaları üçün 10 günlük ərzaq ehtiyatı var”.

Yeri gəlmişkən, bu qayıq bizim də qismətimiz ola bilərdi. Yəni hər hansı qəza baş verəcəyi təqdirdə biz öz yerimizi tanımalıydıq. Ona görə bizə belə bir (2-02) xüsusi yarlıq da verdilər.

Biz bura 10-cu platformaya düşmək üçün gəlmişdik, ya da heç olmazsa təbii fəlakətin insan itikiləri ilə nəticələnmiş fəsadlarını aradan qaldırmaq məqsədilə yaradılmış Qərargaha gedib çıxmalıydıq. Dövlət Neft Şirkətinin prezidenti və qərargahın rəhbəri Rövnəq Abdullayev platformanın yanında növbə çəkən gəmidə idi və qərargah da elə burada yerləşirdi. Amma bizim ora getməyimiz üçün gərək Qərargah icazə verəydi. Çünki, burada fasiləsiz toplantı olur. Gözləməliydik.

5-ci sahəni gəzərkən uniformalarda əcnəbilər gördük. Operatorumuzun onları lentə almasından bir az narahat oldular, amma bizə maraqlı idi: onlar kimdir və bura niyə gəliblər? Qeyri-rəsmi məlumatlar topladıq və yalnız onu öyrənə bildik ki, qonaqlar Birləşmiş Ştatlardan gəliblər vəssəlam. Bu insanlar mənə Armagedondan Bryus Villisin məşhur qəhrəmanlarını xatırladırdı. Onlar ən lazımlı məqamda hardansa peydə olurlar. Bu dəfə də eynilə belə. Daha nələrsə öyrənməyə vaxtımız olmadı. Çünki, xəbər verdilər ki, Qərargahda bizi gözləyirlər. Xüsusi liftlə aşağı, gəmiyə düşdük. Qərargahın yerləşdiyi gəmiyə doğru istiqamət aldıq.

Gəmiyə enəndə gördük ki, əcnəbi qonaqlar da bizimləymiş. Onlar liftin arxa tərəfində olan oturacaqlarında əyləşdiklərindən onları görməmişik. Hamılıqla Qərargahın Baş Otağına yollandıq. İclas dayandı…

Çəkilişi dayandırmağı məsləhət gördülər. Amma qonaqların qarşılanma tərzindən aydın görünürdü ki, onlar yaxın tanışlardır. “28 may” neft-qazçıxarma idarəsinin rəisi Rövşən Qarayev bu barədə çox danışmasa da, hər halda bəzi məlumatları verdi:

“Amerikalı mütəxəssislər yaxın keçmişdə "Bulla" yatağında - 90 saylı quyuda baş vermiş yanğının söndürülməsində iştirak ediblər. Amerikalı mütəxəssislər dünyanın bir çox ölkələrində açıq dənizdə platformalarda baş verən yanğınların söndürülməsi sahəsində böyük təcrübəyə malikdirlər. Bu gün biz həm şirkət rəhbəri, həm də Dövlət Neft Şirkətini mütəxəssisləri ilə ilkin müzakirələr apardıq. Hazırda amerikalı mütəxəssislərlə hadisənin baş verdiyi yerə getdilər. Onlar hadisə yerinə baxış keçirib qiymətləndirdikdən sonra təkrar müzakirə aparılacaq və dəqiq qərarlar veriləcəkdir”.

Amma elə burdaca bir haşiyə çıxaq ki, əsas məqsədin yanğının söndürülməsi yox, səliqəli söndürülməsi olması səbəbindən bəzi xırdalıqları bilməyimiz vacibdir.

“Təbii ki, yanaşmalarda fərq ola bilər. Qeyd edim ki, 10-cu platformada neft və qaz quyuların ümümi sayı 28-dir. Onlardan 21-i qazlı üsulla işləyən quyulardır. Mütəxəssislərə bəllidir ki, qazlı üsulu ilə işləyən quyulara verilən qaz bağlanıbsa, yəni quyular məsafədən idarəetmə stansiyası vasitəsilə bağlanıbsa, quyularda sızıntı ola bilməz. Yerdə 4 qaz-fantan və 3 neft-fantan quyusu qalır. Həmin quyuları isə sxem üzərində onlara göstərdik ki, məhz onlar həmin quyulara xüsusi olaraq diqqət etsinlər. Gələcəkdə qəzanın aradan qaldırılması mexanizmi işləyəndə daha dəqiq bir ssenari ortaya qoya bilsinlər”, – deyə Rövşən Qarayev qeyd edib.

Əslində “Bulla” yatağındakı hadisələri mən də yaxşı xatırlayırdım və o zaman baş verən yanğının fəsadlarının zərərsizləşdirilməsində Amerikalı mütəxəssislərin rolundan xəbərim var idi. Bu dəfə isə vəziyyət daha mürəkkəb idi, ona görə də qonaqların ən mürəkkəb vəziyyətdə hansı işləri görmək təcrübəsinin bu dəfəki önəmi daha artıq idi.

Biz müşavirədə olmadıq, amma sonradan toplantı iştirakçılarından öyrənə bildik ki, yanğının və onun fəsadlarının aradan qaldırılması üçün görülən işlər elə əcnəbi mütəxəssislərin təklif etdikləri kimi aparılırmış, sadəcə burda bir mürəkkəb texniki proses var ki, onu həyata keçirmək üçün Amerikalı dostlarımız öz təcrübələrini bölüşməliymiş.

Saat 15:00. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə nəhayət ki, təklikdə qaldıq. Dilxor, kədərli və qayğılı idi. Dedi ki, o, bu saat müsahibə hayında deyil. İtkilər var, itkinlər var. Gözümüzün qabağında sərvətimiz yanır… Çox təkid etdiksə də, alınmadı.

Rövnəq Abdullayev hələ də o dəhşətli gündə aldığı zənglərin müdhiş təəssüratı altında idi. Hardan danışmağa başlasaq da gəlib o yerə çıxırdı ki, onlar həlak olublar, mənə gələn telefon zəngləri yadımdan çıxmır, səsləri, fəryadları qulağımdadır və s… Hər dəfə eyni mətn, eyni əhval-ruhiyyə. Gəminin göyərtəsindən yanğına baxır, söhbətləşirdik. O, gah qayğılı şəkildə yanğının azaldığını, ağ tüstünün çoxaldığını deyirdi, deməli sönmək ehtimalı var… az sonra yenidən alov güclənir, ağ tüstü azalırdı… Deməli yanğının tez bir zamanda sönməsinə olan ümid də.

“Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyev də burdadır və dedi ki, yanğının söndürülməsinə onun da rəhbərlik etdiyi qurumun gəmiləri cəlb olunub və ümumiyyətlə hadisənin ilk günündən İdarə bütün gücü ilə faydalı olmağa çalışır.

Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin rəhbərləri bura gəlir, prosesin gedişinə birbaşa nəzarət edirlər.

Bir sözlə 10-cu platforma bu saat statusuna görə elə birinci platformadı ki, var. Fəlakət baş verib, onlarla insanın ailəsinə qara xəbər gedib, əksəriyyəti yaşlı olmayan ailə başçıları itkin düşüb, çoxunun körpə balaları var… Onlar qatil dənizi ömür boyu lənətləyəcəklər.

Amma eyni zamanda bu insanların əzizlərinin təsəlli üçün də yerləri var. Mən burada bir az dayanmaq və xilas oladan bir gün sonra ANS-ə danışmış Allahverdi Məmmədovu, hadisənin baş verdiyi 10 saylı dərin dəniz özülün rəisini dinləməyinizi istəyirəm:

“Yanğın bir anın içində platformanı bütünlüklə öz cənginə aldı. Təcili olaraq hadisə ilə bağlı rəhbərliyə məlumat verdim ki, özülə gələn bütün kəmərləri bağlasınlar, artıq platforma yanır. Bu anda enerji kəsildi. Sonra ilk olaraq Mahal müəllimə tapşırıq verdim ki, təhlükəsizlik qaydalarına uyğun olaraq insanları toplanma məntəqəsində toplaşsınlar. Lazım olan tapşırıqları verdikdən sonra suçiləmə sisteminə tərəf yönəldim ki, onu açım. Amma bu mümkün olmadı. Çünki yaşayış blokundan çölə çıxa bilmədim, gördüm ki, artıq suçiləyənin ətrafında nə varsa, hamısı yanır. Ən sonda rəbərliyə bildirdim ki, insanları təxliyyə edəcəm, artıq insanlar yanğın zamanı havaya qalxan tüstüdən boğulur. Rəhbərliyə məlumat verdikdən dərhal sonra insanları şimal istiqamətdə yerləşən xilasedici qayıqlara yönəltdim. İnsanları hamısını həyacan bürümüşdü. Həmin vaxt telefonlar işləsə də, set bir az zəif idi. Orda olan hər bir insan ailələrilə əlaqə saxlayırdılar. Artıq xilasedici qayıqlara minədə sonra onlardan telefondan istifadəni məhdudlaşdırmağı xahiş etdim. Şəxsən mən özüm ailəmlə əlaqə saxlamışdım. Qayıqda mənlə birlikə ümümilikdə 27 nəfər var idi. Qayıq aşağı salmağa başladıq. Bir müddətdən sonra ikinci qayıq da aşağı düşməyə başladı. Təkrar olaraq rəhbərliklə əlaqə saxladım ki, əraziyə yanğınsöndürən gəmilər göndərsin. Çünki, şurupla biz asıldığmız yerdən üstümüz yanmasın deyə gəmilərin yanğına su şırnaqları ilə müdaxilə etməsinə ehtiyac vardı. Üstümüz yanğın nəticəsində yanmış olsaydı, o zaman şurupların qırılma ehtimalı vardı. Artqı rəhbərliklə əlaqədən qısa bir zaman sonra “Genəşli” yatağına yaxın ərazidə nə qədər gəmi vardısa, hamısı hadisənin baş verdiyi yerdə cəmlənmişdir. Qayıqda olan insanları tam bir şəkildə sakitləşdirib yerlərində əyləşdirdim və təhlükəsizlik kəmərlərini bağladılar. Şəxsən özüm durub bir-bir təhlükəsizlik kəmərlərini bağlayıb-bağlamadığını yoxladım. Bu an təhlükəsizlik kəmərini bağlamadığıma görə, arxasıüstü yıxıldım, qolum zədələndi. Buna baxmayaraq qolumun zədələndiyi belə yadıma düşmürdü, onlar üzərində nazərəti davam etdiridim”.

Allahverdi Məmmədov qeyd edir ki, əlaqə saxlayandan bir qədər sonra BP onları xilas etmək üçün əraziyə bir gəmi göndərdi. “BP-nin əraziyə hansı gəmini göndərəcəyini bilirdim. Biz o gəmiyə neçə minməli olduğumuzu müzakirə edirdik. Amma gəmiyə minə bilmədik. Artıq o zaman fikirləşməyə başladım ki, sondu. Əgər bu gəmi bizi xilas edə bilmirsə, kömək gələnəcə vəziyyət neçə olacaq. O an fikirlərə, xəyallara daldım və biranlıq hər şey gözümün önündən gəlib keçdi.

Əminəm ki, bu fədakar insanın, əsl qəhrəmanın dediklərini həm də həmin gün öz xidməti borcunu fədakarlıqla yerinə yetirərkən həlak olmuş insanların dilndən eşitdiyimiz kəlmələr kimi dinlədiniz. Onlarla dostunu, qardaşını iş yoldaşını itirmiş Allahverdini sözün əsl mənasında yenidən Allah verdi.

Onlar panikaya uymayıblar, onlar öz xilas olunacaqlarını sonadək inanıblar. Hətta sakit dayanıb yerlərindən tərpənməməyə çalışanda belə təlimatı yerinə yetiriblər. Çünki, onlardan hansısa biri öz başına yerini dəyişsəydi qayığın müvazinəti pozular, ani ölümün içinə yuvarlanardı.

Çünki, qayığ platformanın dibinə düşən kimi ona tufan özülün dəmir dayaqlarına vurub parça-parça edərd. Necə ki, bir qayığın aqibəti belə oldu.

İndi təbii ki, bundan da Dövlət Neft Şirktəi nəticə çıxaracaq. Xoşbəxt Yusifzadə bu barədə danışmışdı. Biz iş planımızı yerinə yetirdik. Hər şey nə qədər asan və sadədir.

1. İtkinlərin axtırışında iştirak etdik.
2. Yanğın ocağı həm havadan, həm sudan dövrə vurmaqla, alovun zərərsizləşdirilməsini çəkdik.
3. Birləşmiş Ştatlardan mütəxəssis dəvət olunmasından xəbərdar olduq.
4.Qərargahın fəaliyyətini və fövqəladə toplantısını izləyə bildik.

Biz platformadan çıxında burda çalışan insanlar hər biri bizi yola saldı. Rövnəq Abdullayevdən tutmuş sıravi fəhləyədək.

Onlar öz qəhrəmanları və qəhrəmanlıqları haqqında danışdığımız bu hekayəni eşidəcəklər, yoxsa yox bilmirəm, amma bircə həqiqəti bilirəm ki, burda çalışanların həyatı iki eraya bölünüb.

Dekabrın 4-dən əvvəl və dekabrın 4-dən sonra. Onlar daha heç vaxt platformaya 4 dekabra qədərki əhval-ruhiyyədə çıxmayacaqlar. Onlar bu dənizə təkcə çörək ağacı kimi yox, həm də bundan sonra dar ağacı kmi baxacaqlar.

Sularda baş daşı olmur. Amma onlar məzarı sular olmuş dostlarının xatirəsinə hər buruğa baş daş kimi baxacaqlar. Bu insanların hər biri dövlətin ən ali mükafatlarına layiqdir. Yarısı diriliyində, yarısı da ölümüdən sonra.

Saat 18:00. Geri qayıdırıq. Və çox istəyirəm ki, dekabrın 4-də baş verən təbii fəlakətə və ondan doğan insan fəlakətinə həm də hər bir vətəndaşımızın əslində qəhrəmanlıq potensialına malik olduğunu sübut edən tarixi hadisə kimi yanaşaq.

İtkin düşmüş bu insanları gəlin yadımızda dipdiri saxlayaq və onların nə vaxtsa, qayıdacağına inanaq. Hətta onlar heç vaxt qayıtmasalar belə.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR