Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (66-cı say) təqdim edir.
Bəri başdan deyim ki, İlhamə-Aygün qalmaqalı barədə heç nə yazmayacağam. Çünki, doğrudan da, hadisələrin gedişatını izləmək çox çətindir. Bəzən bir saatda 778 açıqlama verilir, ardınca o sayda əks-hücum janrında müsahibələr dərc olunur. Uzun sözün qısası, hələlik baş verənlərdən heç nə anlamaq olmur.
Bu arada bir xoş olmayan xəbərim var. Qonşum Qulpqoyan kişi bərk naxoşlayıb. Deyir məni yüz il yaşayardım, amma bu müğənni tayfasının dərdi imkan verməyəcək.
Müğənni demişkən, Nazəninin başına iş gəlib. Yox, Təranə Qumral söhbəti deyil. Bu dəfə nəvəsinin anası, hazırkı gəlini yox ha, oğlunun gənclik illərində münasibət yaşadığı qadın müğənnini Telli Borçalı demişkən, bərk "nerviləndirib".
"Nervilənmək" dedim, Telli yadıma düşdü. Çoxdandır aşıqədən səs-soraq yoxdur. Bu söz də yenilikdir. Bundan sonra kişilər aşıq, qadınlar aşıqə kimi yazılacaq. Niyə müəllim və müəllimə olsun, aşıq və aşıqə yox?!
Hə, indi Nazənin də bərk əsəbləşib ki, niyə gəlini onun qeyri-qanuni uşaq dünyaya gətirdiyini iddia edib. Sonra əlavə edib ki, 16 il birlikdə yaşadığı insandan uşaq dünyaya gətirib. Bax bunu alqışlayıram. Yoxsa indiki cavanlar altı ay uşaq olmayan kimi boşanırlar. Camaat 16 il gözləyib e. Halal olsun. Sitat:
"16 il yaşamışıq. Ondan sonra qərar verdik ki, uşağımız olsun. Onunla rəsmi nikaha isə uşaq dünyaya gəlməmişdən əvvəl girmişəm. Onun kimi bir dəfə tanıdığım kişidən dünyaya uşaq gətirməmişəm. O, özünü necə mənimlə bir tutur? Haranın zibilidir ki, mənim adımı ağzına alıb danışır?"
Lap axırda onu da qeyd edim ki, Nazənin oğlunun həyat yoldaşını və onun arxasında dayananları məhkəməyə verib. Allah xeyirə calasın. Hər şey bir qırağa, vay arxada dayananların halına.
Xalq artisti Səməd Səmədov indi də qınamaq işinə keçib. Əli Mirəliyev demişkən, aparatura daşımaqdan, musiqiçiliyə, ordan müğənniliyə, ardınca xalq artisti, indi də qınayıcı. Siftəni də türkün məsəli Nadir Qafarzadənin üstündə eləyib. Yadınızdadırsa, Nadir Qafarzadə fəxri adlarla bağlı sərt sözlər yazmışdı sosial şəbəkədə. Demişdi ki, sənət adamları fəxri adları əməklə deyil, müəyyən vasitələrlə alırlar. Bu söz də Səməd Səmədova nə təhər pis təsir eləyibsə, belə bir açıqlama verib:
"Nadir əməkdar artist fəxri adına layiqdir. Bir neçə aydan sonra ona bu adı verəcəklər. İnanıram ki, Nadir əməkdar artist adını alandan sonra bu sözü dediyinə peşman olacaq. Onda bir müğənni çıxıb bu gün bizlərin ünvanına dediyi sözləri özünə qaytaracaq. Nadir dəbdədir, populyardır. Gözəl repertuarı var. İnsanlar onu toylara aparır. Amma insanları belə fikirlərlə qaçırmaq olmaz".
Sağ ol e, Səməd müəllim. Belə işlərin də varmış? Deyə bilərsinizmi, Əflatun Qubadov nə vaxt əməkdar artist olacaq? Elə buna cavab verin, gələn dəfə də Manaf Ağayevi soruşacam. Ay rəhmətliyin nəvəsi, onsuz da, qocalar demişkən, əskin tüstülüdür. Camaat hələ də sənin xalq artisti olmağına inanmır. Heç olmasa kirimiş dur dana.
Aktrisa Sədaqət Dadaşova haqqında yazılanlara, danışılanlara görə mətbuat günahkarmış. O gün yekə bir status yazıb ki, məzələnirdim. Tam belə deməyib, amma belə desə, ondan yaxşıydı. Sitat:
"Ay mənim dostlarım, əzizlərim... Gördüyünüz kimi, bir günün içində gündəmə gəlib, Azərbaycanın önəmli mövzusuna çevrilmək üçün 1 dəqiqəlik şou yetərli idi. İllərimi sənətə verdim. Amma görünür ki, sənət heç kimə maraqlı deyil. Çoxu qalmaqal axtarışındadır. İndi sübut etdim ki, ölkəmizdə bir-iki kəlmə sözlə gündəmi zəbt etmək su içmək qədər asandır".
Dünən verdiyi açıqlama isə daha maraqlıdır. Xatırlayırsınızsa, Dadaşova efirdə demişdi ki, dörd uşağım var. Onlardan birinin atası yeddi il münasibət yaşadığı evli kişidir. İndi də deyib ki, Türkiyə türkcəsini pis bildiyi üçün belə fikirlər səsləndirib. Şəxsən mən çin dilini bilmirəm. Amma o dildə də heç vaxt belə söz demərəm. Yəni dili bilmirsənsə, danışmırsan, danışırsansa, deməli, bilirsən".
Rejissor Kənan M.M-lə ömrümdə üz-üzə bircə kəlmə danışmamışıq. Amma mən bu adamı rəhmətlik Hüseyn Dərya dünyasını dəyişəndə tanıdım. Bəlkə də kimlər üçünsə yekəxanadır, eqoistdir, lovğadır. Elə mənim də belə düşündüyüm vaxtlar olub dediyim vaxta qədər. Kənan onun haqqında belə düşünənlərə cavab verib:
"Mən özümdən razıyam, amma kafir deyiləm, mən lovğayam, amma vətən xaini deyiləm, mən yekəxanayam, amma haram yemirəm. Mən təkəbbürlüyəm, amma "qoluboy" deyiləm, mən kobudam, amma kimsənin haqqına girmirəm.
Özümü sevənəm, amma mən tanımadığım insan haqqında qəti rəy vermirəm. Mən Allahın mənə verdiyi ömrün saat və dəqiqələrindən boş yerə istifadə edib qiybət eləmirəm. Bəs sən, sən necəsən?
İnsan qəlbinin içini bilən yalnız Allahdır, sonda qərarı da Allah verəcək".
Teleaparıcı Nurlana Cəfərova yayda ailə qurmuşdu, qışda boşandı. Oğlan da Türkiyə vətəndaşı idi. Amma Nurlana şükürlüdür. Bir model vardı - Esya. Bax o bu həftə ərə getdi, gələn həftə boşandı.
Roza Zərgərlinin paylaşımı da həftəyə damğasını vuran hadisələrdən oldu. Sənətçi həmkarlarını sosial şəbəkələrdə yemək şəkli paylaşmamağa çağırdı.
Rus demişkən, həftənin "peçatı" isə Mingəçevirdə vuruldu. Mingəçevir teatrının direktoru Səxavət Məmmədov polisə çağırıldı. Mədəniyyət ocağı hesab olunan bir yerin rəhbərinin belə şeylərə görə (o şeylər hələ tam dəqiqləşmədiyi üçün yazmıram) polisə çağırılmağı, doğrudan da, biabırçılıqdır. Polis adına yox, ora çağırılmağa rəvac verən şəxs adına...
Milli.Az