A+
A–

Tokio, 3 mart, AZƏRTAC
Yaponiya hökuməti BMT Təhlükəsizlik Şurası tərəfindən Koreya Xalq Demokratik Respublikası (KXDR) haqda qəbul edilən qətnaməni alqışlayır və beynəlxalq ictimaiyyətlə birlikdə onun səmərəliliyinin təmin olunması üçün qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətindədir. Bu barədə Baş nazir Şinzo Abenin bəyanatında bildirilib.
Martın 2-də BMT Təhlükəsizlik Şurası cari ilin əvvəlində KXDR tərəfindən nüvə sınağı və ballistik raket buraxılışından sonra bu ölkəyə qarşı yeni sanksiyalar paketini qəbul edib. Qətnamə KXDR-ə aviasiya və raket yanacağının tədarükünü qadağan edir, bu ölkədən ixrac və idxal olunan bütün məhsulların təftişini nəzərdə tutur. Sənəddə, həmçinin KXDR-ə bütün adi silahların satışı qadağan olunur, buradan kömür, dəmir, qızıl, titan və aztapılan təbii mineralların ixracı kəskin məhdudlaşdırılır. Eyni zamanda, KXDR banklarına qarşı maliyyə sanksiyaları tətbiq olunur.
Baş nazirin bəyanatında deyilir: “Yaponiya BMT Təhlükəsizlik Şurası tərəfindən KXDR-in yanvarda keçirdiyi nüvə sınağı və fevraldakı ballistik raket buraxılışına cavab olaraq, yekdilliklə qəbul edilən 2270 nömrəli qətnaməni yüksək qiymətləndirir. Beynəlxalq ictimaiyyət Yaponiya və digər ölkələrin müstəqil şəkildə gördüyü tədbirlərlə yanaşı, KXDR-ə qarşı sanksiyaları gücləndirən və genişləndirən qətnaməni qəbul etməklə öz qəti mövqeyini nümayiş etdirdi”.
Sənəddə əlavə olaraq qeyd edilir: “Yaponiya KXDR-i beynəlxalq ictimaiyyətin dəfələrlə səslənmiş ciddi xəbərdarlıqlarına və mühakimələrinə səmimi şəkildə qulaq asmağa, həmçinin 2270 nömrəli qətnamənin və digər aktual qətnamələrin tələblərinə tam əməl etməyə, gələcəkdə təxribat xarakterli addımlardan, məsələn yeni nüvə sınaqları və ballistik raketlərin buraxılışından imtina etməyə çağırır”.
Eyni zamanda, Yaponiyanın xarici işlər naziri Fumio Kişida öz bəyanatında bildirib ki, ölkənin hakimiyyət orqanları beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıqda qətnamələrin səmərəliliyini artırmaq üçün lazım olan addımları atmaq istəyir.
Xarici işlər nazirinin bəyanatında əlavə olaraq bildirilir: ”Yaponiya “dialoq üçün dialoq” və “hərəkət üçün hərəkət” siyasətinə sadiq qalaraq, ABŞ və Koreya Respublikası daxil olmaqla, beynəlxalq ictimaiyyətlə birlikdə KXDR-lə həll olunmamış məsələləri, o cümlədən oğurlanmış vətəndaşlar, nüvə və raket proqramları məsələlərini hərtərəfli tənzimləmək üçün fəal çalışmaq niyyətindədir”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Yaponiya BMT TŞ tərəfindən KXDR haqda yekdilliklə qəbul olunan qətnaməni alqışlayıb