A+
A–

Bakı, 3 mart, Elvin Camalov, AZƏRTAC
Dubay Əmirliyinin “Emirates” aviaşirkəti “Airbus A380” təyyarəsi ilə ən uzun fasiləsiz uçuşu həyata keçirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, uçuş Dubaydan Yeni Zelandiyanın Oklend şəhəri istiqamətində olub. Uçuş zamanı 14 min 200 kilometr məsafə qət edilib və təyyarə 17 saat 15 dəqiqə havada qalaraq “ən uzun uçuş” rekorduna imza atıb.
“Emirates” aviaşirkətindən bildirilib ki, Dubay-Oklend rekordunu bir neçə həftə ərzində qoruyub saxlaya biləcəklər. Şirkət bu ayın sonunda 17 saat 35 dəqiqə davam edəcək Dubay-Panama səfərlərinə başlayacağını elan edib.
Həmçinin bildirilib ki, Dubay-Oklend istiqamətində ilk uçuşun “Airbus A380” təyyarəsi ilə edilməsinə baxmayaraq bundan sonrakı uçuşlarda “Boeing 777” təyyarəsindən istifadə olunacaq.
Qeyd edək ki, bundan əvvəl ən uzun uçuş Avstraliyanın “Qantas” aviaşirkətinin Sidney-Dallas istiqamətində həyata keçirdiyi uçuş olub. Bu zaman təyyarə 16 saat 50 dəqiqə havada qalaraq 13 min 804 kilometr məsafəni qət edib.

AZERTAG.AZ :“Emirates” aviaşirkəti ən uzun fasiləsiz uçuşu həyata keçirib