Bu il ilk tammetrajlı bədii filmimiz olan "Neft və milyonlar səltənətində"nin çəkilməsindən yüz il ötür. Milli.Az bu münasibətlə "Yüz illik kinomuz" adı altında təqdim etdiyi silsilə yazılarda kinoşünaslarla bərabər ötən yüz ilə nəzər salacaq.

Bu dəfə yüz illik kinomuza kinoşünas Aygün Aslanovanın gözü ilə baxacağıq.

Aygün Aslanovanın fikrincə, ilk bədii filmin çəkilməsindən bu yana ötən yüz il suallarla doludur və bu sualların cavabını tapmayınca uğur əldə edə bilmərik: "Niyə Azərbaycan kinematoqrafiyası dünya kinosunda gedən proseslərlə ayaqlaşa bilmədi, bilmir? Hətta sovet dönəmində belə digər respublikalardan geri qalırdı. Niyə rejissor, operator, aktyor məktəbi yaranmadı? Məsələn, bu gün. Problem yalnız kinonu idarə edən məmurlarda, verilməyən qanunlarda, senzuradadırmı? Onda müstəqil kino niyə inkişaf eləmir? Axı dünyada qanunun olmadığı, senzuranın boğduğu ölkələrdə möhtəşəm kino əsərlərinin yarana biləcəyini isbatlayan yüzlərlə nümunə var. Hamımız onları əzbər bilirik. Bəs niyə fəaliyyətimizə tətbiq etməyi bacarmırıq? Suallar çoxdur. Düşünürəm ki, ancaq bu sualların cavabını tapandan sonra nələrsə dəyişə bilər".

Kinoşünas deyir ki, dünya kinosunun inkişaf yoluna, orada baş verənlərə nəzər salsaq, bu mənada çox az şey edə bilmişik: "Ən pisi isə odur ki, elədiklərimizin hamısı lokal xarakter daşıyır. "Biləcəridən o tərəfə keçməmişik" ifadəsi yenə və hər zaman aktualdır. Maraqlı rejissorlarımız olub, filmlər çəkiblər. Ancaq onların çəkdikləri, sadəcə, Azərbaycan daxilində maraqlıdır, sərhəddən o tərəfə keçəndə retro olur. Çünki Axilleslə tısbağanın əhvalatındakı kimi, dünya həmişə bizdən xeyli qabaqdadır.

Həmsöhbətimiz 1960-70-ci illəri Azərbaycanın kino sahəsinin uğurlu dövrü olaraq qiymətləndirir: "Bu onillik bütün dünyada dəyişikliklərin baş verdiyi, gənclik hərəkatlarının başladığı, hippilərin meydana çıxdığı illərdir. Fransa kinosunda "Yeni dalğa", İngiltərə kinosunda "Qəzəbilər" cərəyanları bu illərdə yaranıb. Bütün Qərbdən, kapitalist ölkələrindən təcrid olunmuş vəziyyətdə yaşayan SSRİ-də də Stalinin ölümündən sonra ictimai-siyasi atmosfer yumşalmağa, ətaf aləmlə nəzarət altında da olsa, kommunikasiya yaranmağa başlamışdı. Təbii ki, SSRİ sərhədlərindən o tərəfdə gedən proseslərin dalğası bura da gəlirdi. SSRİ-nin bir parçası olan Azərbaycan da istisna deyildi. O dövrdə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunda, ssenari kurslarında oxuyub gələnlər dünyadakı yenliklərdən xəbər tuturdular, oradakı ab-havanı başlarına gətirirdilər. Və yaradıcılıqlarında tətbiq eləməyə çalışırdılar.

Bir də yenidənqurma dövrü, yəni 1987-88-i ildən 1993-94-cü illərə qədər kinomuz üçün maraqlı dövrdür. Əfsus ki, bu illərdə çəkilən filmlərin əksəriyyətindən xəbərsizik. Çünki ağır, həlledici dövr olduğundan fimlərin əksəriyyəti diqqətdən kənarda qalıb, elə indi də geniş kütləyə göstərilmir".

Aygün xanım yüz illik kino tariximizdə xüsusi olaraq vurğulaya biləcəyi bir neçə film olduğunu deyir: "Bunlar hamının bildiyi və sevdiyi filmlərdir. "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Bir cənub şəhərində", "Yenilməz batalyon", "Özgə həyat" və sairə. Bir də maraqlı və diqqətən kənarda qalmış qısametrajlı filmlərimiz var".

Bəs hansı kino adamları kinomuza öz möhürünü vura bilib?

Müsahibimizin sözlərinə görə, bu sual veriləndə ilk olaraq yada düşən adlar bunlardır: "Rejissorlardan Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Rasim Ocaqov, şübhəsiz ki, Vaqif Mustafayev, aktyorlardan Şahmar Ələkbərov, Həsən Turabov, Gündüz Abbasov, Fəxrədddin Manafov, ən yadda qalan epizodik rolların ifaçısı Fazil Salayev, aktrisalar arasında yadıma ən birinci Şəfiqə Məmmədovanın adı düşür. Sonra Münəvvər Kələntərli, Nəcibə Məlikova, Nuriyyə Əhmədova, Nəsibə Zeynalova, Zərnigar Atakişiyeva. Onun "Təhminə və Zaur" filmində yaratdığı ana obrazı möhürdür".

Aygün Aslanova düşünür ki, əslində, milli kinomuzda peşəkar aktrisalar çoxdur. Sadəcə, qadın obrazları daha çox ikinci dərəcəli olduğuna, arxa planda qaldığına görə aktrisaların öz istedadlarını tam göstərmək imkanı məhdud olub.

Sevinc Fədai
Milli.Az