Kozlariç nə istəyir?

Kozlariç nə istəyir?
00:12 20 Fevral 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

Dünya siyasətinin düzəni belədir: sabiq diplomatlar vəzifələrini tərk edərək işləri ilə vidalaşandan sonra müxtəlif qurumlarda çalışmağa başlayırlar.
ABŞ siyasətində isə bu, adi praktikadır. Sabiq diplomatların işlədikləri təşkilatlar onların fəaliyyətlərini müəyyənləşdirir, mövzu verir və görülən işlərin müqabilində pul ödəyirlər.
 
Təbii ki, belədə həmin adamlar maliyyəni verənlərin tapşırıqlarını yerinə yetirir, onların göstərişlərinə əməl etməyə çalışırlar.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Pozlariç də təqaüdə çıxandan sonra "siyasi müşavir"liyə başlayıb.
 
Fəqət, onun məşvərətləri nədənsə Azərbaycanın tənqidinə, ölkədəki vəziyyətin kəskinləşdirilməsinə, mifik "qarşıdurma"nın təhlilinə yönəlib.
Və görünən budur ki, Riçard Kozlariçə maaş, habelə qonorarlar qismində pulların ödənişi davam etdikcə bu şəxs Azərbaycana qarşı kəskin düşmənçilik mövqelərindən, aqressiv çıxışlarından əl çəkən deyil.
 
"Orada insanların hüquqları pozulur, insanlara zülm edilir. Hər bir vicdanlı insan kimi, biz də susmamalıyıq".
Bu sözləri Roma Papası 7-ci Qriqori əsrlər əvvəl söyləmiş, katolikləri Qüdsə yürüşə, "Müqəddəs Şəhər"i səlcuqlardan azad etməyə çağırmışdı.
Taleyin ironiyasına bax ki, həmin ifadəni az qala sözbəsöz ABŞ Konqresində keçirilən dinləmələrdə Riçard Kozlariç Azərbaycanla bağlı danışanda təkrarlayıb.
 
Vəcdə gələn Kozlariç emosiyalara o qədər qapılıb ki, bir zamanlar Birləşmiş Ştatların diplomatik missiyasının rəhbəri qisminldə çalışdığı ölkənin reallıqlarını, durumunu və ən başlıcası, hadisələrin məcrasını unudub.
O, yalanı həqiqət, istəkləri gerçək kimi qələmə verməyə çalışanda az qalırdı "Azərbaycanı yer üzündən silmək gərəkdir!" ifadəsini də dilə gətirsin, amma söyləməyib. Yəqin məntiq onu tamamən tərk etməyib.
 
Cənab Kozlariç nədənsə unudur və ya qəsdən unutmağa çalışır ki, Azərbaycan heç bir halda Puerto-Riko deyil, Bakının yürütdüyü xarici siyasəti və müəyyənləşdirdiyi daxili siyasəti Vaşinqtondakı məmurlar, diplomatlar bəlirləmirlər.
Tam əksinə, rəsmi Bakının atdığı addımları Vaşinqton normal dəyərləndirir, adekvat qarşılayır və Azərbaycanın siyasətinin də ABŞ-ın regiondakı maraqlarına cavab verdiyini vurğulayır.
 
R.Kozlariçin aqressiv çıxışları isə nə Birləşmiş Ştatların maraqlarına uyğun deyil, nə də Bakı üçün hər hansı formada imperativ sayılmır.
Riçard Kozlariç 1944-cü ildə doğulub. İqtisadiyyat elmləri üzrə magistr dərəcəsi alandan sonra, gələcək 32 illik diplolmatik fəaliyyətinin ilk illərində ABŞ-ın Toqo, Efiopiya və İsraildəki səfirliklərində işləyib. Bundan sonra R.Kozlariç ABŞ Dövlət Departamentinin İqtisadi və Biznes Məsələləri Bürosunda çalışıb.
 
Sonrakı illərdə Dövlət Departamentində qlobal və beynəlxalq iqtisadi məsələlərlə məşğul olan planlaşdırıcı qrupun direktor müavini, ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi vəzifələrində işləyib. 1991-ci ildən 1993-cü ilədək ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavininin köməkçisi olub. Bu illərdə R.Kozlariç, həmçinin Dövlət Departamentinin Avropa Məsələləri üzrə Bürosunda çalışıb və keçmiş sovet respublikaları ilə münasibətlərə görə məsul şəxs olub.
 
1993-1994-cü illərdə dövlət katbinin müavini və ABŞ prezidentinin MDB üzrə xüsusi nümayəndəsi, eyni zamanda Qafqazdakı münaqişələrin həlli üzrə məsul şəxs olub. 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri vəzifəsində çalışıb. 1997-1999-cu illərdə isə R.Kozlariç ABŞ-ın Bosniya və Herseqovinada səfiri işləyib. 1999-cu ildə təqaüdə çıxıb. Hazırda ABŞ Sülh İnstitutunun müsəlman dünyası üzrə xüsusi təşəbbüslər bölməsinin direktorudur.
 
Riçard Kozlariçin Azərbaycanla bağlı dinləmələrdəki çıxışlarından, müsahibələrindən, məqalələrindən və Twitter-dəki tvitlərindən bəlli olur ki, Azərbaycanın ciddi dəyişikliklərə ehtiyacı var.
 
Həmin dəyişiklikləri sabiq səfir bir formada - inqilab təki görür və bütün təkliflərini primitiv "İnqilab olmalıdır!" refreni üzərində qurur.
Sabiq səfir hansı inqilabın "qaçılmaz"lığından, vacibliyindən və Azərbaycan cəmiyyəti üçün gərəkliliyindən bəhs edir?
 
Liviyada inqilab indi ölkənin yarısının İŞİD-in nəzarətinə keçməsinə, Misirdə amansız vətəndaş qarşıdurmasına, Tunisdə silahlı dəstələrin ölkə ərazilərini öz aralarında paylamalarına, Əlcəzairdə dövlət idarəetmə sisteminin kollapsına, postsovet məkanında isə "rəngli inqilablar"a məruz qalmış ölkələrin həmin olayların ağır fəsadlarını hələ də aradan qaldıra bilməmələrinə səbəb olub.
 
Liviyanın normal vəziyyətə qayıtması üçün ən azı 30-40 il, Suriyadakı amansız vətəndaş müharibəsinin yaralarının sağalması üçün daha çox vaxt, digər ölkələrin rekonstruksiya və bərpası üçünsə daha çox zaman gərəkdir.
 
Bütün bunlar Birləşmiş Ştatlardakı bir sıra siyasətçilər, dövlət mənsubları və "hakimiyyət analitik"lərinin hədəfə aldıqları ölkədəki az maraqlandıran məqamlardır. Onların məqsədə çatmaq üçün optimal, ən başlıcası isə effektiv hesab etdikləri bütün yollardan və vasitələrdən istifadə edir, dövlətlərarası münasibətlərin qaydalarını unudur, "məqsəd bütün vasitələrə haqq qazandırır" prinsipi ilə hərəkət edirlər.
 
Əfsuslar olsun ki, rəsmi Vaşinqton plüralizm, fikir müxtəlifliyi, söz azadlığı və s. bu kimi məqamları ön plana çəkərək Riçard Kozlariç kimi şəxslərin açıqlamalarının ilk əvvəl Birləşmiş Ştatların maraqları ilə kəskin ziddiyyət təşkil etdiyini, ABŞ-ın regional məqsədlərinə zərbə vurduğunu, deyəsən, gec dərk edəcək.
 
Orxan Hun
Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR