Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 13-ə təyin edilib.

Qeyd edək ki, keçən il oktyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı cəsədin Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Xeyirov Zamiq Namiq oğlu olduğu müəyyən olunub. Hadisədən bir qədər sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərayev tərəfindən törədilməsinin müəyyən edilməsi barədə məlumat yayıb. Şübhəlilərdən Nazim Zəkarayev saxlansa da, Radik Məmmədov bir aydan sonra saxlana bilinib. Saxlanılan zaman məlum olub ki, təqsirləndirilən şəxslər quldurluq niyyəti ilə zərərçəkmişi öldürüb. Onlara Cinayət Məcəlləsinin müvafiq maddələr üzrə ittiham verilib.