Akademik Teymur Bünyadov: “Heyerdal dedi, Qobustanın 10 min illik tarixi var”

Akademik Teymur Bünyadov: “Heyerdal dedi, Qobustanın 10 min illik tarixi var”
19:14 17 Noyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

 ... Bu inkişaf, tərəqqi, hər şeydən əvvəl, zəhmətlə, əzmkarlıqla, gecə- gündüz yatmayıb çalışmaqla bağlıdır. O vaxtlar Moskvada oxumaq o qədər də asan məsələ deyildi. Biz orada qəbul imtahanı verdik.  Aspiranturaya daxil olmaq üçün 65 ölkədən nümayəndələr gəlmişdi. Onların içində yüksək səviyyədə imtahan vermək, müsabiqədə birinci yer götürmək  mənim zəhmətimin, alın tərimin, yuxusuz gecələrimin bəhrəsi idi. Atam 1937-ci ildə xalq düşməni kimi güllələnib. 1956-cı ildə bəraət veriblər ki, bu insan nahaq yerə tutulub. Ona görə də mən həmişə özümü məsuliyyətli hiss etmişəm. Mənim elmi rəhbərim Lenin mükafatı laureatı Krupnov idi. O, çox tələbkar, qayğıkeş idi. Oğlunun adı Saşa idi. Məni oğlundan çox istəyirdi. Bilirsiniz nəyə görə? Onun evində çörək yeyirdik, çay içirdik. Deyirdi ki, bu kitabları get oxu, 10 gündən sonra görüşərik. 10 kitab deyirdi, mən 20 kitab oxuyurdum. Tapşırdığı kitablarla əlaqədar məni imtahan edirdi. Moskvaya gedəndə bizim görkəmli tarixçi alimimiz var idi, Qara Əhmədov. Dedi, sən “net”lə “yes”i bilmirsən, hara gedirsən? Moskva hara, aspirantura hara?. Dedim, Qara, qarşıma məqsəd qoymuşam, ya girib oxuyacağam, ya da özümü tramvayın altına atacağam, vətənə qayıtmayacağam...

 

... Bunun hamısının başında zəhmət durur. Mənim böyük xoşbəxtliyim ondadır ki, iki qardaş iki bacı ilə ailə həyatı qurublar, əmim xalamla evlənib. 6 uşaqları var idi. Uşaqların gözü mən idim. Tək idim, mən də olmasam, yurd boş qalırdı. Müharibə ili idi, aclıq idi. Xalam uşaqları çıxardırdı, xəlvətcə mənə çörək verirdi. Yeyib mən də uşaqlara qoşulurdum. Bir dəfə dayım gəldi ki, sən universiteti qurtarmısan. Bizim kənddə Dilənçi adında adam var, mühasibdir. Bütün qohum-əqrəbasını saxlayır. Sən də gəl, mühasib ol, biz də sənin sayəndə dolanaq. Əmim hirslənib ona dedi ki, əynimin paltarını satana qədər onu oxudacağam. Onun təhsilə bu qədər həvəsi var, çalışqanlığı var, həyatım ona qurbandır.

 

...Universitetin axırıncı kursunda oxuyurduq. Saleh Qazıyev adında bir müəllim mənə dərs deyirdi. O mənə dedi ki, buranı qurtarandan sonra səni Tarix Muzeyində işə götürəcəyəm, çünki, sənin diplom işin mənim çox xoşuma gəlir. Mənim diplom işim də Naxçıvan mədəniyyəti ilə bağlı idi. Universiteti fərqlənmə diplomu ilə bitirdim. İşə girməyimlə aspiranturaya daxil olmağımın arası 2 ay çəkdi. Saleh Qazıyevin ruhu şad olsun. Azərbaycanda arxeologiya elmini yaradanlardan, onun banilərindən biri idi. Ondan da atalıq qayğısı gördüm. Həmişə məni irəli çəkməyə çalışırdı. Tarix fakültəsinin birinci kursunda 76 nəfər idik. Siz təsəvvür edin, 3-4 nəfər yoldaş gözləyirdik ki, nə vaxt universitetdən hamı çıxıb gedəcək... Dərs otaqlarının birində gizlənirdik, işığı söndürürdük. Gecə işığı yandırırdıq, dərslərimizi oxuyurduq. Mənimlə oxuyan tələbələr arasında gələcəyin böyük insanları yetişdi. Polis sistemində, Mərkəzi Komitədə işlədilər. Mənim də fikrim var idi ki, Dövlət Təhlükəsizliyi Nazirliyində işə götürüləcəyəm. Çağırdılar, söhbət etdilər və qərara aldılar ki, yaxşı oxuduğuma görə məni işə götürsünlər. Çox danışandan sonra dedim ki, gəlin nə özünüzü yorun, nə də məni incidin. Mənim atam xalq düşməni olub, güllələnib. Ona görə də mənimki sizinlə tutmaz. Gülümsəyib dedi, bizə elə sənin kimi adamlar lazımdır. Lakin Akademiyanın Rəyasət Heyəti artıq aspiranturaya göndərmək üçün 10 nəfərin adını Mərkəzi Komitəyə təqdim etmişdi. Mən də fikirləşirdim ki, oraya göndərəndə bizim tərcümeyi-halı yoxlayırlar. Mən qədim dünya tarixi və arxeologiyanı götürdüm ki, Partiya Tarixi üzrə getsəm, çox gedə bilməyəcəyəm.

 

... İndi də gecə- gündüz çalışıram. 35 elmlər namizədi, 10-dan çox elmlər doktoru yetişdirmişəm. Sizə bayaq da dedim, elmi rəhbərim mənə oğlu gözündə baxırdı. Mən müdafiə edəndə elmi rəhbərim mənə, hətta, kostyum aldı, qoluma saat bağladı. O mühitdə çox böyük alimlər var idi. Dünyada tanınan akademik Rıbakov var idi. Bu cür alimlərin mühitində onları dinləyirdik, onlardan öyrənirdik. Bizə xüsusi qayğı və hörmət var idi. Bütün iclas və elmi mübahisələrdə iştirak edirdik. Deyə bilərəm ki, orada mənim bünövrəm qoyuldu. Bu günə kimi də elmlə məşğul olmağıma, tərbiyə və təhsilimə oranın böyük təsiri olub. Oradan pərvazlanaraq müdafiə elədim, gəldim Bakıya. Mənə orada birotaqlı mənzil də verirdilər. Yayda Azərbaycana gələndə bacım ağladı. Dedi ki, gedib orada bir rus qızı alacaqsan, birdəfəlik yadlaşıb gedəcəksən. Qurban olum, qayıt gəl. Həm də mənim xalamın uşaqları oxumalı idi. Mən onların üstündə durmalı idim. Gəldik, otaq tutduq, onların hamısı qəbul olundu. 6 uşaq idi, onlara atalıq elədim. Böyüdülər, ərə verdim. Bu gün də onlara böyüklük edirəm.

 

... Azərbaycanda bu sahədə ilk elmlər doktoru, ilk professor, akademiyanın ilk müxbir üzvü, ilk akademik, ilk “Şöhrət” ordeni alan, ilk Əməkdar Elm xadimi, ilk Arxeologiya kitabını yazanam. Həyatım ilklərlə doludur. 20 ildən çox, 2004-cü ilə qədər Tarix və Etnoqrafiya üzrə Müdafiə Şurasının sədri olmuşam. 2004-cü ildən indiyə qədər Tarix və Etnoqrafiya, eləcə də Fəlsəfə üzrə Elmi Şuranın sədriyəm. Dəfələrlə Ali Attestasiya Komissiyasının sədrinə, Arif Mehdiyevə bu vəzifədən çıxmaq üçün müraciət etmişəm. Orada bir qayda var ki, iki dəfədən artıq sədr olmaq olmaz. Mən 7-8 dəfədir ki, sədr oluram. Deyirəm, yorulmuşam, cavab alıram ki, bəs kiminlə işləyək. Əgər 20 ildə desələr ki, Teymur müəllim bir stəkan haram çay içib, o dəqiqə özümü asaram.

... Mənim Azərbaycanda da böyük alim-müəllimlərim olub. Akademik Sumbatzadə, Abdulkərim Əlizadə, İsmayıl Hüseynov... Mən bir növ bunların davamçısıyam. Fəxr edirəm ki, onları yaşadıram.

... İndi çoxları, xüsusilə vəzifə sahibləri, deputatlar çox asanlıqla elmlər namizədi də olurlar, elmlər doktoru da olurlar. Bu işdə nə qədər ciddilik varsa, o qədər də boşluq var. Mən bunu hər yerdə demişəm, çəkinmədən də deyirəm. Bir misal çəkmək istəyirəm. Bir xanım var, İlhamə Məmmədova, mənim aspirantım olub. Namizədlik dissertasiyası işləyib. Mən bundakı potensialı gördüm. Bu qız ana dilini çox yaxşı bilir. Mən hesab edirəm ki, alim üçün birinci ana dilini yaxşı bilmək lazımdır. Fars dilini ana dili kimi bilir. İngilis, dilini, rus dilini, türk dilini də öz qaydasında. Ona görə mən məcbur elədim, ona Təbrizin tarixi, etnoqrafiyası ilə bağlı mövzu verdim. Keçən il 35 çap vərəqi həcmində bir kitab buraxdı. Onun haqqında çoxlu rəylər çıxıb. İranda bu əsərə yüksək qiymət verilib. Çox çəkməz, yəqin ki, 10 günə onun doktorluq dissertasiyasını müdafiəyə buraxarıq.  Mən də həmişə onun arxasında dururam.  Bizdə belə kadrlar var. Birinə, doktorluq dissertasiyasının mövzusu kimi, Cənubi Türkiyəni vermişəm. Vermişəm, ona görə ki, vaxtilə Sovet hökuməti qurulanda, elə ondan əvvəl də Naxçıvandan, Qarabağdan, Gəncədən, Qazaxdan, Borçalıdan, Ermənistandakı ata-baba yurdlarımızdan, Göyçədən Türkiyəyə çoxlu adamlar gediblər. İstəyirəm ki, mənim bu tələbəm onların talelərini oxusun, öyrənsin, onları yada salaq, gördükləri işlərlə tanış olaq və onların sağlarının könlünü, ölənlərin də ruhlarını şad eləyək.

 

... Bir nəfər xanım da var. Dillər Universitetində kafedra müdiridir. Ona Norveç-Azərbaycan etnoqrafik əlaqələri ilə bağlı mövzu vermişəm. Vaxtilə məşhur Norveç səyyahı Tur Heyerdal Azərbaycana gəlmişdi.  Mən Milli Məclisdə olanda Murtuz Ələsgərovun rəhbərliyi ilə Norveçə getmişdim. Mən Heyerdalın gəmilərinə baxdım. Orada çox şeylər gördüm. Bir dəfə o, Milli Məclisə gəldi. Onunla çoxlu söhbət etdik. Onun fikirlərinin hamısı ilə biz razı ola bilmərik. Elə Qobustan haqqında əvvəlcə düzgün fikirdə olmayan Heyerdal sonra bizə dedi ki, mən təslim olmuşam,  doğrudan da, Qobustanın 10 min illik tarixi var. Mən istəyirəm ki, bax, bütün bunları onların dilindən vermək şərti ilə, bir dissertasiya da belə müdafiə edilsin.

Bir fikrim də var ki, Türkmənistan-Azərbaycan  əlaqələri haqqında bir dissertasiya mövzusu verəm. Bizim kökümüz, bünövrəmiz oradan gəlmədir. Sovet dövründə elm, təhsil, mədəniyyət sahəsində  biz onlara çox kömək etmişik. Bunların hamısını qələmə almaq, işıqlandırmaq bu xalqların bir-birinə  daha yaxın olmaları üçün yaxşı bir hədiyyə olar.

 

 ...Üç gün bundan qabaq bir nəfər gəldi. İl yarım əvvəl  bizdə namizədlik dissertasiyası  müdafiə edib. Qapını döydü, girdi kabinetə ki, Teymur müəllim, mən istəyirəm, doktorluq işi üçün mövzu götürəm. Di gəl, dəli olma da... Dedim: “A qızım, bir balaca abır-həya da yaxşı şeydir. Sənə kömək elədik, müəyyən güzəştlər elədik, Dillər Universitetində müəllimsən, get dərsini de, püxtələş, çoxlu oxu, çoxlu məqalələr yaz, kitabların olsun, ondan sonra gəl. Yoxsa pis öyrənmisiniz. Yəqin indi kiməsə pul verib yazdıracaqsan. Bir də mənim kabinetimə gəlmə!” Kobudluq elədim. Amma mən hesab eləyirəm, bəri başdan kobudluq eləmək yaxşıdır, nəinki o biri başda davalaşmaq.

 

...Bədii yaradıcılığa meyl məsələsinə gəldikdə, deyim ki, mən “Əsrlərdən gələn səslər” adlı əsərimdə ilk dəfə Azərbaycan musiqisinin tarixini yazmışam. Mingəçevirdə sümükdən bir musiqi aləti tapılmışdı. Bu da mənim xoşuma gəldi. Götürdüm “Elm və həyat” jurnalına bir məqalə yazdım. Bir həftədən sonra məni redaksiyaya çağırdılar. Getdim gördüm ki, Əfrasiyab Bədəlbəyli oturub. Çox maraqlı, şəxsiyyətli bir kişi idi. Redaksiya heyətinin digər üzvləri də orada idilər. Əfrasiyab müəllim çox nəzakətlə dedi ki, Teymur  müəllim, mən Sizin məqaləni oxudum, çox xoşuma  gəldi. Bizim musiqiyə olan həvəsinizi ki, bir-iki səhifədə vermisiniz, o məni açdı. Amma orada bir yer var ki, Şopen Azərbaycan musiqisi haqqında belə deyib. Az-çox musiqidən başım çıxır. Amma mən elə bir məlumata rast gəlməmişəm ki, Şopen bizim musiqi haqqında nə isə desin. O böyük bəstəkardır, qurtardı getdi. Dedim ki, Əfrasiyab müəllim, bu eyni familiyanı daşıyan adamdır, bəstəkar deyil, rus tədqiqatçısı İvan Şopendir. Bu onun çox xoşuna gəldi. Ondan sonra mən musiqinin tarixini yazdım.

 

...Mənim şeir, roman, hekayə yazmağımın bir səbəbi var. Səməd Vurğunun qızı Aybəniz xanımın övladının toyu idi. O toyda biz hamımız iştirak edirdik. Söhbət elədiyimiz yerdə birdən yazıçılardan birinin oğlu dedi ki, bizim atalarımız dünya şöhrətli alimdirlər, belə kişidirlər, elə kişidirlər və s. Bu, mənə yaman toxundu. Gecə gəldi atam yuxuma girdi. Roman elə “Röya” adı ilə başlayır. Dedim ki, mən nə var, hamısını açıq-aydın yazacağam. Atam dedi: “Nə yazacaqsan? Yazacaqsan, xalq düşməninin oğlusan? Ay bala, yerində otur, səni də tutarlar, mən yolu göndərərlər. Etmə, eləmə!” Bu roman elə yarandı. Bir söz də demək istəyirəm. Bir yoldaşla kəndə getmişdik. Maşından düşdük. Bir müəllim var idi, onu axtarırdıq. Mənimlə gedən adam müəllimin arvadını çağırdı ki, haradadır ərin? Dedi ki, Sınıq körpüyə alverə gedib. Dedi,  bəs bu kişini tanımırsan?  Qadın cavab verdi ki, npnu tanımaq nəyimə lazımdır. Ağladı. “Gecə də ağlayıram, gündüz də. Onun kitabını oxuyuram, dəli olmuşam. O, ağlaşma yazıb, kitab yazmayıb ha” dedi.  İndi Böyük Britaniya səfirliyindən gəliblər. Haradasa o romanla tanış olublar, onu ingilis dilinə tərcümə etmək istəyirlər.

 

... Şeir məsələsi də belədir. 20 yanvar hadisəsi baş verib. Bakı, bütün Azərbaycan qan ağlayır. Nə yata bilirəm, nə dura bilirəm, nə özümə yer tapa bilirəm... Səhərə yaxın bir balaca yuxum gəldi. Bir bayatı gəldi dilimə:

Qan sızlar,

Sinəm qandır, qan sızlar,

Qansıza bel bağlama,

Qansız olur qansızlar.

Bilirsiniz bunu kimlərə yazmışdım da... Ondan sonra bu, mənə böyük təkan oldu. Üçcildlik “Bayatılar” kitabım çıxdı. Və dördüncü cildin də üzərində işləyirəm. Bəlkə, bu ilin axırına qədər çapa göndərdim. Orada Vətənə, xalqa aid bayatılarım var. Məsələn, deyirəm:

Açılmır,

Yollar bağlı, açılmır,

Qarabağın tilsimi,

Tilsimlənib açılmır.

 

Xəbər de,

Tez-tələsik xəbər de,

Kəlbəcəri almışıq,

Laçından bir xəbər de.

 

Dolan, gəz,

Gözüm, könlüm, dolan, gəz,

Anam birdir, Vətən tək,

Dur, başına dolan, gəz.

 

Güvən gəz,

Dağda bitər güvəngəz,

Yaddan sənə nə arxa,

Öz arxana güvən, gəz.

 

...Bizim gənclər haqqında ikili fikir var. Bir qrup deyir ki, gənclərimiz heç nə ilə məşğul olmurlar. Savadlanmaq, işləmək istəmirlər. Xoşagəlməz həyat sürmək istəyirlər. Bu, haradasa, müəyyən mənada doğrudur. Amma, inanın bizim elə gənclərimiz var ki, fəxr eləməyə dəyər. Elə gənclərimiz var ki, onlar bu xalqın, həqiqətən gələcəyidirlər. Hər cəbhədə. İstər onların vətənpərvərlik ruhu, istər ziyalılığı, istər onların savadlılığı elə xoşagələndir ki, deyiləsi deyil. Bir misal çəkim. Bir nəfər qız atasını itirib, yaxşı çalışıb,  gedib Fransada ali məktəbə daxil olub. Heç kimin köməyi olmadan. Ali məktəbi qurtarıb, magistraturanı qurtarıb. Orada tibb üzrə elmlər namizədi olub. Dünyanın ən xoşbəxt adamıdır. Azərbaycan xalqını orada qeyrətlə, namusla təmsil edir. Belələri haqqında yüzlərlə misal çəkə bilərəm. Ona görə də belə hesab edirəm ki, bizim aprel hadisələri gənclərimizin qüdrətini bir daha göstərdi. İnanın mənim səmimiyyətimə. Gənci, də ağsaqqalı da, qarasaqqalı da, hamısı hazırlaşmışdı, “Ya alım, ya ölüm” inamını yaşayırdı. Gənclər haqqında  o qədər də pessimizmə qapılmağa dəyməz. 

...Birinci, yaxşı valideyn tərbiyəsi almaq lazımdır. İkinci, təkcə kompüter vasitəsi ilə yox, kitablar vasitəsi ilə də yaxşı təhsil almaq lazımdır. Qarşına məqsəd qoymalısan ki, mən hansı sahədə nə etməliyəm?.. Ondan sonra gözəl, bilikli, güclü məntiqə malik , geniş müşahidə qabiliyyətinə malik gənc kimi yetişməlisiniz, bu xalqın yolunda, bu millətin yolunda onlar da, mən də, Siz də, hamı da qurban gedək, torpağımızı alaq. Gənclər haqqında mənim fikrim müsbətdir. Və onlardan çox şey gözləyirəm. İnanın, mənim iki yaş yarımında nəticəm var. Kompüteri əlinə alır, düyməni basır, istədiyi şeyə baxır. Zamanın tələbi budur. Başqa cür mümkün deyil. Adət-ənənəmizi qorumalıyıq, yaşatmalıyıq. Amma inteqrasiya məsələsi də vacibdir. Yaxşı şeyləri dünyadan öyrənmək, onlara həyatımızda yer vermək də mühüm məsələdir.

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR