Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev
Ayaz Mütəllibovun eks-prezident statusunun və imtiyazlarının ləğv
olunması üçün Prezident İlham Əliyevə müraciət
ünvanlayıb.
Publika.az xəbər verir ki, müraciətdə deyilir:
“Keçmiş prezident Ayaz Mütəllibov SSRİ-nin dağılmasının 25 illiyi
ilə bağlı müsahibəsində Sovet İttifaqının dağılması prosesindən
təəssüf və ürək ağrısı ilə danışır. Keçmiş imperiyanın dağılmasını
tarixin səhvi adlandıran Mütəllibov, Qorbaçov və Yeltsin haqqında
mənfi fikirlər səsləndirir. SSRİ-nin dağılmasını bir faciə kimi
qiymətləndirən keçmiş kommunist-prezident, imperiyanın saxlanması
üçün təşəbbüslərə zamanında hazır olduğunu, Belovejsk sazişi
imzalanmasına dəvət olunmamasını SSRİ-nin dağılma səbəbi kimi
təqdim edir. Orada olacağı təqdirdə Azərbaycanın müstəqil
olmayacağına dair əlindən gələni edəcəyini bildirir. Bu adam
müstəqil və suveren respublikanın dövlət imtiyazları ilə yaşayan,
ömür sürən birisidir. Çəkinmədən Azərbaycan Respublikasının dövlət
müstəqilliyinə həqarət nümayiş etdirir”.
VİP sədri daha sonra “biz hansı Mütəllibova inanaq?” deyə sual
verib.
“Dövlət müstəqilliyi aktına imza atan, Rəsulzadə dövlətini bərpa
edən, onu dünyada tanıdan heyət formalaşdırıb dünyaya göndərən,
ermənilərə qarşı prinsipial mübarizə aparanamı, yoxsa 1990-cı ildə
Şəhidlərin qanı üzərində hakimiyyətə gələn, 1991-ci ilin martında
referendumu təşkil edib SSRİ-ni qorumağa çalışan, Azərbaycandan
qaçıb Moskvada gizlənən, belə müsahibə verib Azərbaycanın dövlət
müstəqilliyindən təəssüflənən birisinəmi?”, - deyə o
vurğulayıb.
Ə.Əliyev Ayaz Mütəllibovun imtiyazlarının ləğv olunması çağırışını
edib: “Prezident Əliyevə müraciət edərək, müstəqil dövlətin
imtiyazlarına layiq olmadığını öz müsahibəsində ortaya qoymuş
Mütəllibovu imtiyazlardan məhrum etməyə çağırıram. SSRİ-nin varisi
Rusya Federasiyasıdır. Qoy, Mütəllibov Putindən imtiyaz dilənsin.
Putin bundan yalnız sevinər.
Əslində, siyasətçi şəxsiyyət, peşəkar olmadıqda, belə simptomatika
üzə çıxır. Belə dəyişkən şəxslərə flüger də deyirlər”.
Asif