Azərbaycanda 4 polis iş başında içkili tutuldu - General "işdən qov" əmri verdi - müavini əmri icrasız buraxdı - FAKT

YAXIN KEÇMİŞİMİZİN KRİMINAL ALƏMİNDƏ BAŞ VERMİŞ HADİSƏLƏR, TÖRƏDİLMİŞ CİNAYƏTLƏR, MARAQLI FAKTLAR, OXUDUQCA OXUYACAĞINIZ SAYSIZ-HESABSIZ GERÇƏK OLAYLAR SİLSİLƏSİ...

Metbuat.az saytının layihəsi:

TƏQDİMAT:

Bu materialları, tanış olmaq məqsədiylə mənə Ehsan müəllimin ailəsi tərəfindən verilmişdir.

Layihəmizdə sovetlərin ən qızğın vaxtında Azərbaycanın bir çox rayonunun Daxili İşlər orqanlarında məsul vəzifə tutmuş, saysız-hesabsız hadisələrin şəxsən iştrakçısı olmuş Ehsan Hacıyevin elə o zamanlar isti-isti qələmə aldığı yazılarını sizə təqdim edəcəyik. (Bunu da qeyd edim ki, Ehsan müəllimin bu yazıları qələmə almaqda vətəndaşlıq duyğusundan, yanğısından başqa heç bir niyyəti olmayıb. Yəni, onun yazarlıq adında da gözü olmayıb.) Yazılarla tanış olduqca, həm yaxın keçmişimizin tarixinin gizlinləri, incəlikləri, həm çökmüş böyük bir imperiya dediyimiz ölkənin sisteminin bütün yönlərini, həm də o dönəmdə imperiyaya tabe olsaq da, bu xalqın heç vaxt ağa qara deməyən şəxsiyyətləri ilə yanaşı, məkrli niyyəti ucbatından və ya məcburiyyətdənmi dolayı hər cür üsula əl atan insanları ilə də tanış olacaqsınız.

Məqsədimiz keçmişi eşələmək, qarışdırmaq deyil. Məqsədimiz dünən baş verənlərdən sürətlə uzaqlaşan, geriyə baxmağa heç macal tapmayan insanIamızı az da olsa, baş vermiş bəzi hadisələr fonunda yaxın keçmişin fəlsəfəsinə, sisteminə az da olsa bələd olmalarına yardımçı olmaqdır.

Onu da qeyd edim ki, Ehsan Hacıyev Azərbaycan Sovet Respublikasının DİN-də işlədiyi müddətdə nümunəvi şəxslərdən biri olub.

Bu yazılar həm də insanımızın xarakterinin açılması baxımından ilgincdir.

Materialla bağlı kimin nə narahatlığı olacaqsa fikrlərini mənim e-mail ünvanıma yaza bilər (xanemir71@gamil.com)

Xatırladım ki, Ehsan Hacıyev 1934-cü il 14 oktyabr tarixində Ağdaş rayonunda dünyaya gəlib. Əvvəlcə Mərdəkandakı Milis məktəbini, Azərbaycan İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini və keçmiş Kirov adına Azərbaycan Dövlət Unversitetinin hüquq fakultəsini bitirib. Milis podpolkovniki Ehsan Hacıyev 1993-cü il martın 20-də dünyasını dəyişib.

Xatırladıram ki, bu yazıların müəllifi Ehsan Hacıyevdir.

TƏQDİM EDƏNİ: X.NƏZƏROV

ARXİV YAZISI:

Payızın yaxşı vaxtı idi. Zaqatala rayon DİŞ-də respublika DİN tərəfindən kompleks yoxlama aparılırdı. Prosesi yerində yoxlamaq üçün nazir müavini milis general mayoru Kamil Mamedov gəlmişdi. Bir gün təxminən saat 16 radələrində Zaqatala Rayon DİŞ-nin rəisi milis podpolkovniki Kamandar Qəhrəmanov mənə zəng edib, nazir müavini səni telefonda gözləyir, dedi.Getdim, nazir müavini ilə salamlaşdıqdan sonra o dedi ki, saat 17-də Zaqatalaya gəl, görüşək.

Mən Balakən rayon PK (Partiya Komitəsinin) 1-ci katibi Əsədova zəng vurdum, o yerində olmadı. Odur ki, 2-ci katib Rahib Rəhimova zəng vurub nazir müavini tərəfindən Zaqatalaya çağrıldığımı məlumat verib getdim.

Nazir müavini ilə səmimi görüşüb hal-əhval tutduq. Zaqatala rayon PK-nın birinci katibi Nadir Abdurrahmanov da gəldi, birlikdə daha 20 dəqiqə də söhbət etdik. Bu vaxt Qəhrəmanov rayon DİŞ-nin şəxsi heyətinin iclasa hazır olması barədə nazir müavininə məlumat verdi. Mən ayağa durub getmək üçün icazə istərkən nazir müavini dedi ki, getmə, qal iclasda iştirak et, müzakirələrin gedişini yadında saxla, sonrakı fəaliyyətində istifadə et, sevinmə ki, səni yoxlamırıq, bir gün səni də yoxlayarlar, onda görərsən.

Mən razılaşmaq istəmədim ki, birinci katibdən icazə almamışam. General dedi, elə sənin birinci katibin də bura gələcək, bir yerdə axşam naharına çıxacağıq. Dedim, bu daha pis, icazə verin mən gedim.

Zaqatala rayon PK-nın birinci katibi Abdurrəhmanov dedi ki, Ehsan, səni general çağırıbsa, iclasda iştirak edəcəksən. İclasdan sonra Əsədov da burada olacaq. Bir yerdə qonaq otağında oturub axşam narahı edib söhbət edəcəyik, bu məclisdə sənin iştirak etməyini mən ürəkdən istəyirəm. Səni mən dəvət edirəm, söz yox, özün də bilirsən ki, sizin bizimlə yeməyə qalmanıza Əsədov heç bir söz deməz. Belə də oldu, qalıb iclasda iştirak etdim. İclas qurtarana yaxın Əsədov da gəlib çatdı, elə mən dediyim kimi də oldu. Məni görcək yarı zarafat, yarıgerçək, "nə üçün icazəsiz rayondan çıxmısınız" - deyə soruşdu. Bu zaman nazir məndən qabaq cavab verdi ki, onu buraya general Mamedov dəvət edib, o bir rəis kimi gəlməyə borcludur, elə bu zaman Abdurrəhmanov dedi, Hacıyev nazir müavini ilə görüşüb söhbət edərək, iclasda iştirak edib, indi də getmək istəyir, mən də buraxmıram ki, bir yerdə axşam yeməyində bizimlə otursun. Özün bilirsən ki, mən Hacıyevin xətrini çox istəyirəm. Əsədov mənim sağ qolumdan tutmuş generalın sol qolundan tutub şad əhval-ruhiyyədə özünəməxsus çılğınlıqla ucadan gülə-gülə dedi ki, Hacıyevi mən sizdən də yaxşı, lap keçmişdən tanıyıram. Onun özünə də, xasiyyət və tərbiyəsinə də çox yaxından bələdəm. O bura gələrkən də məni axtarıb, sonra gəlişinin məqsədini ikinci katibə deyib. O da mənə bu barədə məlumat verib. Belə ki, mən ikinci katibi yanıma çağırıb ona tapşırıqlar verdim, eyni zamanda daxili telefonla Hacıyevi axtardım. Elə bu vaxt Abdullayev dedi ki, Hacıyev gedərkən sizi tapmayıb mənə məlumat verdi ki, nazir müavini onu Zaqatalaya çağırıb. Bu zaman rayon DİŞ-nin növbətçisi milis k-nı Ramazanov da telefonda dedi ki, rəis Zaqatala rayon DİŞ-nə nazir müavininin çağırışı ilə gedib.

Mən növbətçiyə dedim ki, birdən gəlib çıxsa onu Zaqatala Partiya

komitəsinin qonaq otağında gözləyirəm. Belə ki, mən özüm istəyirdim Hacıyevi də gətirim. Lap yaxşı, gedək.

Zaqatala rayon PK-nın qonaq otağı rayonun “Qala düzü” adlanan ərazisində, dağ döşündə, çox füsunkar təbiəti, səfalı abu-havası olan bir yerdə yerləşir. Bu yığcam, gözəl, zövqlə bəzədilmiş, səliqə-səhmanlı binada axşam süfrəsi ətrafında biz 6 nəfər:Zaqatala rayon PK-nın birinci katibi Abdurrəhmanov, 2-ci katibi Məmməd Murad, rayon DİŞ-in rəisi Qəhrəmanov, Respublika DİN müavini Mamedov, Qax rayon PK-nın birinci katibi Maksim Talıbov, Balakən PK-nın birinci katibi Əsədov və mən oturub şirin söhbət edərək yeyib-içirdik. Sən demə, bir gün əvvəl hər üç rayonun birinci katibləri Abdurrəhmanov, Əsədov və Maksim Talıbov birlikdə rayon ərazisində gecəgəzintisi keçiriblər. Zaqatala ərazisindən Gürcüstanın Laqodex rayonuna Alazan çayı üstündən keçən körpüdə duran karantin diviziyasından 4 nəfər milis nəfərini gecə postda spirtli içki içib çörək yeyərkən görmüşlər. Elə bu səhər də onlargeneral Mamedovla görüşərkən milis işçilərinin sərxoşluqla məşğul olmaları barədə daima tədbir görülməsini tələb etmişdilər. Mamedov da karantin tədbirlərinin gücləndirilməsi üçün diviziyanın komandiri milis podpolkovniki Nəriman İsmayılova telefonla tapşırıq verib ki, gedib iş vaxtı sərxoşluq edərkən gördükləri 4 nəfər milis nəfərini Bakıya çağırsın, işdən çıxarılması barədə əmr hazırlasın.İki gündən sonra iclas etmək üçün ona təqdim etsin.

Generalın bu kəskin göstərişi Zaqatala və Qax rayon PK-nın birinci katibləri tərəfindən bəyənildiyi halda, Balakən rayon PK-nın birinci katibi Əsədov onlara irad tutaraq, 4 milis nəfərinin birdən işdən çıxarılmasının olduqca ağır cəza olduğunu deyərək, israrla generaldan tələb və xahiş edir ki, onların işdən çıxarılmaması barədə göstəriş versin. O isə öz növbəsində deyir ki, mən özümə tabe olan şəxsə göstərişi vermişəm, bu göstərişi heç cür geri götürə bilmərəm. Əsədovsa, mən heç cürə bu qədər pisliyə şərik deyiləm deyir. Gecə onları yoxlayan vaxtı elə biz özümüz də spirtli içki içmişdik. Mənim katib yoldaşlarım nahaq o söhbəti sizə deyiblər. Mən onlardan incimişəm. Belə hərəkət hər üç birinci katibə yaraşmaz. Biz özümüz onları tənbeh edə bilərdik. Bu tədbirlə mən heç cür razılaşmıram. Bu hərəkət birinci katib kimi nə bizim vəzifəmizə, nə də şəxsiyyətimizə yaraşmır. Əgər mənim təklif və xahişim qəbul olunmasa, mən sizinlə bir loxma da çörək kəsən deyiləm. Lakin Əsədovun əksinə olaraq Andurrrəhmanov və Maksim Talıboviç generalın göstərişini alqışlayırvə öz sözlərinin belə həll edilməsindən çox razı qaldıqları üçün generala “sağ ol, belə lazımdır” deyirdilər. Bu söz güləşdirmə təxminən 30 dəqiqə davam etdi. Nəhayət, sonuncu dəfə Əsədov oturduğu stoldan acıqla durub asılqandan panamasını götürüb qapıdan çıxmaq istəyərkən, katib yoldaşları onu zorla saxlayıb oturtdular və onunla razılaşdılar. Lakin general dedi ki, mən əmr vermişəm, onu geri götürə bilmərəm, bu yaxşı çıxmaz, mənim haqqımda şəxsi heyət və daha yüksək rəhbərlikdə pis fikir yarana bilər. Əmrin dəyişilməsi mənim tərəfimdən böyük səhv olar və mənə şəxsən xələl gətirər. Ehsan, İsmayılovu yaxşı tanıyır, uzun illər rəis işləyib, son zamanlar biz onu Şəki şəhər DİŞ rəisliyindən götürüb karantinə komandir qoymuşuq, o, bizdən bir qədər də incikdir.Odur ki, mən bir daha ona verdiyim göstərişi geri götürən deyiləm. Belə olanda Əsədov yenə də, salamat olun, mən getdim, deyə iri addımlarla otaqdan çıxdı. Bu dəfə mən tələsik çatıb onu saxlayaraq, nazir nüavininə müraciətlə dedim, icazə verin, İsmayılova mən özüm zəng edim deyim ki, nazir müavini sənə veridiyi tapşırığı sərəncamsız burax, özün isə karantinin milis nəfərlərinin nizam-intizamı ilə ciddi məşğul ol ki, rəhbərlik yerlərə gedəndə onlardan şikayət olmasın. Hamı mənim bu təklifimi bəyəndi, nazir müavini də razılaşaraq dedi ki, indi gecdir, sabah deyərsən. Əsədov yenə də razılaşmadı, mənə göz etdi ki, bu məsələ elə bu gün həll edilsin. Mən telefonda İsmayılovun evini sifariş etdim. İsmayılova dedim ki, Zaqataladaydım, məsləhət oldu ki, generalın sənə verdiyi tapşırıq icrasız qalsın. O sənə bu barədə heç bir söz deməyəcək. Lakin hardasa kimdənsə karantin barədə bir daha belə və buna oxşar şikayət daxil olsa, rəhbər kimi sən cəzadan kənarda qalmayacaqsan. Odur ki, yaxşısı budur yaxın vaxtda buraya ezamiyyəyə gələsən, karantin vzvodunun birgə iclasını keçirək, həmin 4 nəfəri, eləcə də, bəlkə ondan daha təhlükəli intizamsızlıq hərəkətləri edilməsi barədə məndə olan məlumatları inzibati tənbeh kimi onların nəzərinə çatdıraq. İsmayılov çox sevincək razılığını bildirərək nazir müavininin alicənalığına təşəkkür etdi. Mənə də xeyir xəbər üçün əlavə təşəkkür edib, neçə saatdır dinclik tapa bilmirdim, indi arxayın yata bilərəm, dedi. Allah bu işin düzəlməsinə rəvac verən bütün yoldaşlardan razı olsun.Yoldaş Mamedov yaxındadırsa, qoy, ona da təşəkkür edim. Dedim, yox, o başqa yerdədir. Bir də bu barədə onunla heç bir söhbət lazım deyil. Bura gələndə hər şeyi olduğu kimi biləcəksən. Gecən xeyrə qalsın.

Yoldaşlar hamısı mənim danışığımdan razı qalıb mənə çox sağ ol dedilər. Məclisimiz şənləndi. Lakin uzun sürmədən telefon zəng çaldı, ev sahibi kimi ikinci katib Məmməd Murad dəstəyi qaldırdı, sonra “bu saat” deyə generala müraciətlə, Balakəndəndir, Hacıyevi axtarırlar, hadisələri var, dedi. Mən cəld qalxıb telefonun dəstəyini Məmməd Muraddan qəbul etdim, danışan müavinim milis mayoru Nizam Əhmədov idi. O çox həyəcanlı və tələsərək məruzə etməyə başladı ki, Ənvər müəllimi 30 dəqiqə əvvəl öz qapısında bıçaqla vurublar, xəstəxanaya gətirib tibbi yardım göstərmək mümkün olmayıb, hadisə yerindəcə ölmüşdür. Dedim:

- Hadisə yerini mühafizə edin,- bu vaxt Əsədov artıq ayaq üstə idi.O da, mən dəstəyi yerə qoyan kimi dedi:

- Hacıyev, sən çox tez get, bir azdan mən də orada olacam, mənimlə əlaqə saxla. Mən sağollaşmaq istəyərkən general dedi:

-Yoldaş Hacıyev, kim idi səninlə danışan. Dedim:

- Rəis müavini Əhmədov idi. Dedi:

- Çox yaxşı, səhv etmirəmsə, siz onun haqqında kadrlar idarəsində rəisliyə layiqdir deyə təqdimat yazmısınız.

- Elədir var, yoldaş general.

- Elə bil, sən rayonda yoxsan və ya şəxsi heyətlə əyani qaydada əməliyyat axtarış tədbirləri həyata keçirmək üçün dərs keçirsən.E lə əyani qaydada bu əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün burada telefonla göstəriş verin və nəzarət edin, qoy, rəis müavininin rəhbərliyi altında şəxsi heyət öz səy və bacarıqlarını göstərsinlər.

- Baş üstə, yoldaş general, bu saat sizin tapşırıqlarınız üzrə hərəkət edərik. Mənim müavinim qoçaq və bacarıqlı işçidir,- sonra telefonun dəstəyini qaldırdım, Zaqatala rayon rabitə qovşağında növbətçi telefonçu qız cavab verdi, mən özümü ona tanıtdım, sonra xahiş etdim ki, Balakən rayon rabitə qovşağındakı növbətçi ilə əlaqə yaratsın, az sonra növbətçi qız dedi, buyur, yoldaş Hacıyev, sizin rayonun növbətçisi sizə qulaq asır.

-Hər ikiniz çox sağ olun və hər ikiniz bir anlıq mənə qulaq asın. Rayonumuzda hadisə baş verib, mən qonaq otağından danışıram, siz indi rəis müavini Əhmədovu təcili tapın, mən danışım. Siz isə saatınıza baxın və yadda saxlayın, hər yarım saatda bir məni ya Əhmədovla, ya da növbətçi zabitlə birləşdirin. Hər iki növbətçi qız baş üstə deyib mənim Əhmədovla danışmağıma şərait yaratdılar,-Yoldaş rəis, eşidirəm,-deyə Əhmədov dilləndi.

- Qulaq as, yoldaş Əhmədov, mən gələsi olmadım. Sən sərbəst şəkildə əməliyyat axtarış tədbirləri keçirilməsinə rəhbərlik et, ən birinci elə bu dəqiqə şəxsi heyəti qaldır, rayonun girəcək və çıxacağını bağlat, daxildə qruplar şəklində gəzinti təşkil etdir. Eyni zamanda bilavasitə əməliyyat axtarış və istintaq qrupu təşkil edib rəhbərliyi öz üzərinə götür. Ona görə də birinci hadisə yerinin mühafizəsi yəqin ki, var. Meyiti xəstəxanaya göndərmək olmayacaq, elə özünün ağsaqqalı ilə razılaş, bu saat mən məhkəmə tibbi ekspertinə zəng edəcəm, səhər tezdən Balakəndə olacaq. Sən də prokurora məlumat ver, özü hadisə yerinə çıxmalıdır.Müstəntiqi də göndərsin. Bütün imkanlardan istifadə edib ölümün səbəbini və cinayətkarın şəxsiyyətini müəyyən edin. Hər yarım saatdan bir növbətçi telefonçu qızlarla razılaşmışam, məni telefona çağıracaqlar. Sən olmasan, yarım saat ərzində əldə olmuş məlumatları növbətçiyə çatdır, o da mənə məruzə etsin. Müvəffəqiyyət arzulayıram. Dediyim qaydada hər yarım saatdan bir rayonla əlaqə yaranırdı. Birinci danışıqda növbətçi zabit bildirdi ki, qonşuluqda yaşayan bir nəfər aralarında düşmüş narazılıq zəminində höcətləşmiş, nəticədə bıçaqla vurub Ənvəri öldürmüş və hadisə yerindən qaçmışdır. Əhmədov iş dalınca gedib şöbədə yoxdur. Bütün şəxsi heyət postlardadır, həmin adamı şəxsən tanıyan işçiləri də hər posta göndərmişik, cinayətkarın evi də rayonda yaşayan bütün qohum və tanışların, güman edilən şəxslərin yaşayış yerləri, evləri nəzarətə götürülmüşdür. Daha iki dəfə də əlaqə yarandı, hər birində hələlik müsbət nəticə eşitmədim.Dördüncü telefon zəngində Əhmədov sevincək məlumat verdi ki, cinayətkar Qartala kəndində dayısının evinə getmək istərkən, evin həyətinə girəndə yaxalanmış və şöbəyə gətirilmişdir.Göstəriş verdim ki, təcili həkim müayinəsindən keçirin və xarici vəziyyətini və sərxoş olub olmadığını yoxlayaraq müvəqqəti saxlama protokolu yazıb ilk həbs evinə salın. Sonra dəstəyi yerinə qoyub generala dedim:

-Yoldaş Mamedov, üç saat ərzində cinayətkar yaxalandı.

-Bax, belə, yoldaş Hacıyev.- Sonra üzünü Əsədova tutub müraciət etdi,

- Siz hara gedirdiniz, yoldaş Əsədov, görürsünüzmü, milis necə işləyir. Köməyinizə böyük ehtiyaclmız var, ancaq bəzən ürəkli hərəkət etmək üçün bizə mane olmasanız, bu özü daha ciddi kömək olar.

Bundan sonra məclisimiz davam etsə də, əvvəlki əhval-ruhiyyəmiz pozulmuşdu. Rayonumuzda ağır cinayət hadisəsi baş vermişdir. Bir nəfər öldürülmüş, bir nəfər isə həbs edilmiş, iki ailə heç nədən başsız qalmışdı.

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI