Spiker: “AŞPA-nın qardaş Türkiyəyə qarşı qəbul etdiyi qərar qərəzlidir”

Spiker: “AŞPA-nın qardaş Türkiyəyə qarşı qəbul etdiyi qərar qərəzlidir”
12:33 2 May 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb.

Publika.az xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxildir.

Milli Məclisin sədri Oqtay Əsəsdov deyib ki, bu yaxınlarda Avropa Şurası Paralament Assambleyasında (AŞPA) qardaş Türkiyəyə qarşı qərəzli qərar qəbul edilib:

“Bu qərar doğru deyil. Türkiyə AŞPA-nın yaradılmasında ən çox rol oynayan dövlətlərdən biridir. Ancaq Türkiyəyə qarşı AŞPA-da məlum qərarın qəbulu ədalətli deyil”.

Daha sonra spiker sözügedən məsələ ilə bağlı çıxış etmək üçün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova söz verib.

S.Seyidov da AŞPA-nın Türkiyəyə qarşı sözügedən məruzəsinin qəbuledilməz olduğunu söyləyib.

Xatırladaq ki, bu ilin aprelində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunub.

Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb.

Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentar səs verib.

Onu da bildirək ki, Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilərin hazırladıqları hesabatda Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu.

O, Azərbaycan nümayəndə heyətinin Avropa Şurasının yaz sessiyasında iclasından danışıb:

“Avropada islamafobiya, antisemitizm baş alıb gedir. Biz bunu Avropa dövlətlərindən olan təşkilatların, siyasi partiyalarının mövqelərindən görürük. Telekanallarından da bunu hiss edirdik. Şuranın keçirilən iclaslarında da Türkiyə və Azərbaycana qarşı münasibət fərqli prizmadan baxılır, təhlil olunur. Yaz sessiyası bu ikili münasibətlərin pik həddə olduğunu nümayiş etdirdi”.

S.Seyidov qeyd edib ki, AŞPA-nın Türkiyə haqqına təqdim olunan məruzə qəbuledilməzdir:

“Terror kimi tanınan PKK bu məruzədə belə görünmür. Bir müddət əvvəl Türkiyədə dövlət çevrilişinə olan cəhd və bir neçə gün əvvəl keçirilmiş referendum Avropa Şurası tərəfindən birmənalı qəbul olunmur. Halbuki Türkiyənin Avropa Şurasının qurulması və möhkəmlənməsində əvəzsiz xidmətləri olub. Şuranın Parlament Assambleyası Türkiyəni Avropadan qoparmaq istəyir. Avropa Şurası Türkiyədə baş verən ictimai-siyasi hadisələri, terror aktlarını düzgün qiymətləndirmir. Bu, təəssüfləndirici haldır. Türkiyənin nümayəndə heyəti buna sərt formada etiraz etdi”.

Deputat bildirib ki, AŞPA-da yaranmış vəziyyət Türkiyəyə qarşı qərəzin ifadəsidir:

“Şura Türkiyəyə qarşı münasibətlər öz daxilində gərginliyin olduğunu göstərdi. Bu qurum vaxtilə Rusiyaya qarşı da bu addımı atmışdı. Avropa Şurasının digər ölkələrdən olan üzvləri Azərbaycan nümayəndə heyətində təmsil olunanların çıxışlarına da ikili standartlarla yanaşırlar. İkili standartlar bu sessiyada o həddə idi ki, AŞPA rəhbərini öz işindən kənarlaşdırmağa cəhd etdilər. Bu, müstəqil formada çıxış etmək istəyənlərə qarşı olan standartdır. Azərbaycan bunu nəzərə almalıdır”.

Milli Məclisin digər deputatı Azay Quliyev isə deyib ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə münasibəti qəbuledilməzdir:

“Avropa Şurası Türkiyədəki dövlət çevrilişinə cəhdə obyektiv münasibət göstərmədi. Dövlət çevrilişinə cəhd vaxtı parlament binasını güllələyən FETÖ-çülərə AŞPA lazım olan münasibəti sərgiləmədi. Həmçinin baş verən terror aktlarına da eyni münasibət sərgilənir. Lakin Fransada terror aktı baş verəndə demək olar ki, bütün şura üzvləri hərəkətə keçdilər”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR