78 kq çəki dərəcəsində Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska ikinci görüşünü qələbə ilə başa vurub.
İkinci görüşdə cüdoçumuzun rəqibi Əlcəzair təmsilçisi Asselah Sonia olub. Cüdoçumuz rəqibini ipponla məğlub edərək finala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
***
Elmar Qasımov İslamiadada ilk qələbəsini qazanıb
Azərbaycan cüdoçuları "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının ikinci gününə uğurla start veriblər.
Mübarizəyə yarımfinal mərhələsindən qoşulan qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Toqo idmançısı Noeline Essohanam Koronu ipponla məğlub edib.
Sonuncu Avropa çempionu Elxan Məmmədovun (100 kq) rəqibi, Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Mania tatamiyə çıxmadığı üçün cüdoçumuza texniki qələbə verilib. Beləliklə, Elxan Məmmədov yarımfinala vəsiqə qazanıb.
Digər cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) də Oyunlara qələbə ilə başlayıb. Onun rəqibi Mihail Marçitan (Birləşmiş Ərəb Əmirlikləri) olub. Rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradan atletimiz yarımfinala yüksəlib.
“Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qələbəsini qazanıb. 100 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Elmar Qasımov türkiyəli rəqibi Ali Erdoğanı ipponla məğlub edərək adını yarımfinala yazdırıb.