Azərbaycanın tanınmış siyasətçiləri Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi barədə bu ölkənin Ali Məhkəməsi qarşısında iddia qaldırmasını pisləyir.
Publika.az xəbər verir ki, onlar bu addımın Rusiya-Azərbaycan strateji tərəfdaşlığının yüksələn xətlə inkişafına kölgə saldığını düşünür.
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov ÜAK-a mənfi münasibət bəslənilməsinin qərəzli olduğunu bildirib:

“Sözün doğrusu, mən Rusiyada yaşayan azərbaycanlıları müdafiə edən Ümumrusiya Azərbaycanlıları Konqresinə bu cür münasibət bəsləniməsində heç bir əsas görmürəm. Burada xoşagəlməz hadisə baş verib. Müəyyən nöqsanlar ola bilər. Ancaq həmin nöqsanlara görə cəzalandırılma təşkilata deyil, ayrı-ayrı insanlara şamil edilə bilər. Bütövlükdə, Konqresi məhkəməyə verməyin özü qərəzli addımdır. Bu cür addımlar doğru deyil. Bu təşkilatın Azərbaycan dövləti üçün böyük əhəmiyyəti var. Azərbaycan Cənubi Qafqazda və dünyada nüfuz qazanmış dövlətdir. Rusiya Azərbaycanla bu münasibətləri qorumağa çalışmalıdır. Çox təəssüf ki, Rusiyada olan bəzi məmurlar Azərbaycanla münasibətlərə xələl gətirməyə çalışır, iki ölkə arasındakı münasibətləri “oyuncağa” çevirmək istəyir. Əlbəttə ki, bütün bunlar da bizim üçün xoşagələn deyil”.
A.Mütəllibov qeyd edib ki, ÜAK-ın ləğvi ilə bağlı qərar qəbul edilərsə, bu, ikitərəfli münasibətlərə təsir etməməlidir:
“Belə bir qərar qəbul olunarsa, güman edirəm ki, bu, Azərbaycan-Rusiya münasibətlərinə təsir etməyəcək. Çünki Rusiya-Azərbaycan əlaqələri elə möhkəm qurulub ki, bu münasibətlərdən vaz keçmək olmaz. Azərbaycanda rus dilinə və icmasına hörmət var, rus dilli məktəblər fəaliyyət göstərir. Məncə, keçmiş SSRİ ölkələri arasında rus mədəniyyətinə bizim qədər diqqət göstərən ikinci ölkə yoxdur. Azərbaycanda rus xalqına hörmət var. Mənə elə gəlir ki, Rusiya rəhbərliyi də bunu anlayır. Bütün bunlara görə də sözügedən qərarın qəbul edilməyəcəyini düşünürəm”.
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov bu məsələ ilə bağlı fikir söyləməkdə tələsməməyi tövsiyə edib:

“Bu məsələ ilə bağlı bizim də fəaliyyətimiz var, biz də kimlərəsə müraciətlər edirik. Ancaq hələ məhkəmə olmayıb. Gəlin məhkəmənin nəticəsini gözləyək. Onsuz da biz bu məsələ ilə bağlı fikrimizi bildirmişik. ÜAK-ın ləğv edilməsi ilə bağlı məsələnin arxasında ermənilərin siyasi məqsədləri dayanır. Bu işdə erməni lobbisinin də əli var. Ona görə də biz məhkəmənin nəticəsini gözləyək. Bundan sonra biz bir daha öz fikirlərimizi bəyan edəcəyik”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə isə deyib ki, ÜAK ləğv edilsə belə bu iki ölkə münasibətlərinə ciddi xələl gətirməyəcək:

“Arzu edək ki, belə bir qərar qəbul olunmasın. Ancaq olunsa belə, bunu dərd etmək lazım deyil. Azərbaycan və Rusiya prezidentləri arasında kifayət qədər yaxşı dostluq münasibətləri var. İnanıram ki, bu məsələni də prezidentlər öz aralarında müzakirə edib həll edəcəklər.
Rusiya tərəfi deyirsə ki, təşkilatın bir sıra üzvlərinin fəaliyyətində nöqsanlar olub, Azərbaycan tərəfi vaxtında həmin dəyişiklikləri edib, problemi aradan qaldırmalı idi. Ancaq bütün bunlar da ona gətirməməlidir ki, ÜAK bağlanılmalıdır. Belə bir qərarın qəbulu Azərbaycana qarşı qeyri-dostluq münasibətinin nümayiş hesab olunar. Məntiqlə də bu olmayacaq. Ancaq araya siyasət və erməni lobbisi müdaxilə edəndə, bəzən proqnoz vermək çox çətin olur”.
A.Əlizadə sözügedən məsələnin arxasında erməni lobbisinin əlinin olduğunu söyləyib:
“Ümumiyyətlə, Rusiyada erməni qüvvələri çox güclüdür. Bunun da səbəbləri var. Erməni oliqarxları pul qazanmaqdan savayı, Ermənistanı da düşünürlər. Bizim oliqarxlardan fərqli olaraq, ermənilər çalışır ki, Ermənistanın maraqları həyata keçsin”.
Xatırladaq ki, bu gün Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.
Vasif Həsənli