Bu gün Milli Məclisdə “Mənim səsim-mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda tədbir keçirilib.
Publika.az xəbər verir ki, əvvəlcə Milli Məclis sədrinin müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və digər tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Milli Məclis sədrinin müavini Bahar Muradova tədbiri açaraq bildirib ki, bu gün dünyada “Uşaqların Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü”dür:
“Bu qərar BMT Baş Assambleyası tərəfindən 1950-ci ildə verilib. Həmin ildə Baş Assambleya çərçivəsində məhz iyunun 1-də dünya qadınlarının bir konfransı keçirilib və həmin konfransda qadınlar, yəni analar “Uşaqların Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününün təltif edilməsi haqqında təkliflə çıxış edib.
Həmin Assambleyanın qərarı ilə də artıq neçə illərdir ki, bütün ölkələr “Uşaqların Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü”nü qeyd edir. Azərbaycan da beynəlxalq cəmiyyətin tərkib hissəsi kimi, beynəlxalq birliyin üzvü kimi bu günü ölkədə bayram kimi qeyd edir. Azərbaycan həm beynəlxalq konvensiyalardan uşaq hüquqlarının müdafiəsinə dair imzaladığı konvensiyalarda üzərinə götürdüyü öhdəlikləri, həm də Azərbaycan Respublikasının Konstitusiyası və bunun əsasında hazırlanan “Uşaq hüquqları haqqında” Qanundan irəli gələn vəzifələri bu illər ərzində yerinə yetirməkdədir. Azərbaycan bütün insan hüquqlarına çox hörmətlə və diqqətlə yanaşır, onun tərkib hissəsi olan uşaq hüquqlarına çox vacib bir məsələ kimi yanaşır”.
Hazırda tədbir çıxışlarla davam edir.
Vasif Həsənli