ADGTT-nın aktrisası mükafatlandırıldı...

Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası, Əməkdar Artist Kəmalə Hüseynova Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Metbuat.az xəbər verir ki, mükafatlandırma mərasimi Dövlət Gənc Tamaşaçılar Teatrında iyun ayının 14-də baş tutub. Aktrisa həmin zaman Astanada keçirilən V “Səhnədən salam” Beynəlxalq Teatr Festivalında iştirak etdiyi üçün mükafatı aktrisaya teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov təqdim edib.

Fəxri Fərman bu günlərdə 50 illik yubileyi tamam olan aktrisaya kino və teatr sahəsində uğurlu fəaliyyətinə görə təqdim edilib.

Təəssüratlarını bölüşən aktrisa qazandığı uğurların və mükafatların bütün teatra məxsus olduğunu, ölkənin ən işgüzar və mehriban kollektivi ilə bir yerdə çalışdığı üçün özünü şanslı hesab etdiyini dilə gətirərək mükafata görə Mədəniyyət və Turizm Nazirliyinə öz dərin minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, Kəmalə Hüseynova 1990-cı ildən Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. K.Hüseynova teatrın cari reperetuarında olan bir çox tamaşalarda baş rolların mahir ifaçısıdır.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR