"Report" xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Minskdə ATƏT-in Parlament Assambleyasının plenar iclasında çıxışı zamanı deyib.
Çıxışı zamanı B.Muradova Dağlıq Qarabağ münaqişəsinin dinc vətəndaşların həyatını almaqda davam etdiyini vurğulayıb. O, Ermənistan silahlı bölmələrinin iyulun 4-də Füzuli rayon Alxanlı kəndini atəşə tutduğunu, nəticədə kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğunu bildirib.
O, ATƏT PA-nın deputatlarının ermənilərin bu cinəyətini qınamağa çağırıb.
Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.