Güclü olmaq güvənli olmaq deməkdir. Kim güclüdürsə, o özünü daha təhlükəsiz hiss edir. Amma bu, o demək deyil ki, gücü yeri gəldi-gəlmədi tətbiq etmək lazımdır. Bəzən imkanların, sadəcə, nümayiş etdirilməsi mümkün münaqişələrin qabağını ala bilir.

Ötən əsrin 60-70-ci illərində Misir başda olmaqla bir sıra ərəb dövlətləri (Suriya, İraq, İordaniya, Əlcəzair) ilə İzrail arasında bir neçə dəfə müharibə oldu. Altıgünlük Müharibə (5-10 iyun 1967-ci il) və Tükəndirmə Müharibəsi (iyul 1967-ci il - 7 avqust 1970-ci il) İzrailin xeyrinə nəticələndi. Misir Sinay yarımadası və Qəzza zolağını, Suriya Qolan təpələrini, İordaniya İordan çayının qərb sahilini itirdi. Baxmayaraq ki, rus texnikası sayəsində ərəb dövlətlərinin silahlanması İzraildən geri qalmırdı, həm də onların insan resursları rəqibdən qat-qat çox idi, bu müharibələrdə İzrail hərbçilərinin peşəkarlığı və ABŞ-ın İzrailə maddi-texniki, həmçinin intellektual köməyi məsələni kökündən həll etdi.

Amma, sözsüz ki, ərəblər öz torpaqlarından imtina etmək fikrində deyildilər. Buna görə də yeni müharibəyə hazırlaşırdılar. Ən böyük ərəb dövləti olmağına uyğun olaraq, ərəb düşərgəsinə Misir başçılıq edirdi. Növbəti müharibə qeyri-rəsmi olaraq "Ərəb blitskriki (ildırımsürətli müharibə)" hesab olunurdu və planı hazırlayan da SSRİ mütəxəssisləri idilər. Əlbəttə, bu ərəblərə olan məhəbbətdən irəli gəlmirdi, maraqlar belə tələb edirdi. II Dünya müharibəsindən qabaq Sovet İttifaqına yaxınlığı ilə seçilən Türkiyə NATO-ya daxil olduqdan sonra, SSRİ-yə yaxın Şərqdə başqa ciddi müttəfiqlər lazım idi.

Misirin və onun müttəfiqlərinin itirilmiş torpaqlardan imtina etmədiyini, onları qaytarmaq üçün yeni müharibəyə hazırlaşdığını İzraildə bilirdilər. Bunu önləmək üçün İzrail, müttəfiqi ABŞ-la birgə xüsusi döyüş planı hazırlamışdı. Plan baş tutacağı təqdirdə Misir yaxın bir neçə on il ərzində İzrailə müqavimət göstərmək gücündə olmayacaqdı.

1971-ci ilin sentyabr-oktyabr aylarında Misir Ərəb Respublikasının prezidenti Mühəmməd Ənvər Əl Sadata ölkənin müdafiə naziri Mühəmməd Abdul Halim Abu Qazzal tərəfindən naməlum kəşfiyyat təyyarələrinin Misirin hava məkanını pozmaları barədə məlumatlar daxil olurdu. Bu təyyarələrlə uçuş 25 km yüksəklikdə aparıldığı üçün Misir qırıcı-yolkəsənləri əks-tədbir görə bilmirdilər. Həmin təyyarələrin mənşəyi və uçuşun məqsədi barədə Misir hərbçiləri və xüsusi xidmət orqanlarının məlumatı da yox idi. Sonradan rusların köməyi ilə həmin təyyarələrin, ABŞ HHQ-nə məxsus SR-71 "Qara qaratoyuq" markalı, səsdənsürətli strateji kəşfiyyat təyyarələri olduğu müəyyən edildi. Bu təyyarələrin rekord tavanı 25590 metr, sürəti isə 3,2 Max (3398 km/saat) təşkil edirdi. Təyyarələr İzrailin xeyrinə kəşfiyyat aparırdılar. Kəşfiyyatın məqsədi isə, yuxarıda göstərilən döyüş planının hazırlanması idi.

Döyüş planı, Assuan su anbarının bəndinin partladılması ilə bağlı idi. Məlum olduğu kimi, Misirin bütün sənaye obyektləri Nil çayı boyunca yerləşir. Nilboyu yaşayış məntəqələrində əhali də digər ərazilərdə olduğundan dəfələrlə sıxdır. Bu 1970-ci illərdə belə idi. Plana görə 1971-ci ilin oktyabr ayının sonlarında Assuan su anbarının üzərindəki bəndə nüvə zərbəsi endirilməli idi. Anbarın su tutumu 150 kubkm-dən çox idi. Yəhudi alimlərin hesablamasına görə zərbədən 2 sutka sonra Nilin Qahirəyə yaxın hissəsində suyun səviyyəsi hazırda olduğundan 70 metr yüksəyə qalxacaqdı. Daha 2 sutka keçdikdən sonra Misirin bütün bina və qurğularından yalnız piramidalar qalacaq, Misirin əsas əhalisi, yaşadığı Nil vadisindən səhralara qaçmalı olacaqdı. Beləliklə anbardan axan su Misirin kütləvi sayda strateji əhəmiyyətli hərbi və mülki obyektlərini məhv edəcək, ölkə iqtisadiyyatı tamamilə çökəcəkdi. Nə Misir, nə də onun müttəfiqləri bu barədə bilmirdilər. Amma SSRİ-nin belə imkanı var idi. Keçmiş SSRİ DTK-nın agentura şəbəkəsinə dünyanın bütün xüsusi xidmət orqanları qibtə edərdi. Beləliklə, ruslar məsələyə əl qoymalı oldular.

Əlbəttə, ağıllı insanlar dərk edirdilər ki, qarşılıqlı nüvə müharibəsinin heç kimə xeyri ola bilməz. Buna görə də SSRİ nüvə resurslarını real döyüş şəraitində işlətmək fikrində deyildi. Burada, sadəcə olaraq, İzraili qorxutmaq, nəzərdə tutulmuş planın həyata keçirilməsindən çəkindirmək lazım idi. O vaxtlar Misirin hərbi təyyarə parkı bütünlüklə SSRİ istehsalı olan MiQ tipli təyyarələrdən ibarət idi. MiQ-15, MiQ-17 və MiQ 21 təyyarələri Misirin hərbi anqarlarını bəzəyirdi. İzrailin təyyarələri isə, əsasən, ABŞ istehsalı olan "F-4 Phantom II", Fransa istehsalı olan "Dassault Mystere IV", "Dassault MD-450 Ouragan", "Dassault Mirage III" markalı qırıcı-bombardmançı, qırıcı yolkəsən tipli təyyarələr idi.

Misir HHQ-də olan MiQ-lərin ən güclüsü MiQ-21 idi. Bu təyyarələrin maksimal sürəti 2230 km/saat, praktik tavanı 19000 metr idi. "Dassault Mirage III" təyyarəsində bu göstərici müvafiq olaraq 2350 km/saat və 17000 metr, "F-4 Phantom II"-də 2370 km/saat və 19000 metr idi. Yəni bu təyyarələr MiQ-21 qırıcılarını sürətinə, bəzi hallarda isə yüksəkliyə görə üstələyə bilirdilər. Həmçinin qeyd eləmək lazımdır ki, ərəb pilotları qırıcı idarə etməkdə o qədər də mahir deyildilər.

1970-ci ildən başlayaraq SSRİ HHQ-nə 3-cü nəsil hərbi təyyarələrin yeni modeli daxil olmağa başlamışdı. Bu təyyarələri ABŞ, İzrail və digər qərb dövlətlərində tanımırdılar. Çünki təyyarələr heç bir xarici dövlətə, hətta SSRİ-nin Varşava Müqaviləsi üzrə müttəfiqlərinə də ixrac olunmamışdı. Bu, MiQ-25 təyyarələri idi. Həmin təyyarələrdən bir neçəsi Misirdə baza edən SSRİ HHQ hissələrində var idi. Qırıcılar gizli anqarda saxlanılırdı. MiQ-25 texniki göstəricilərinə görə həmin vaxt mövcud olan bütün hərbi təyyarələrdən üstün idi. Təyyarənin kəşfiyyatçı-bombardmançı tipli altmodeli olan MiQ-25 RB-nin (razvedçik-bombardirovşik) sürəti 3000 km/saat, praktik tavanı 23000 metr idi.

Sovet komandanlığı İzrail səmasına MiQ-25 RB təyyarəsi buraxmaq qərarına gəldi. Məqsəd, sadəcə, qarşı tərəfi qorxutmaq, texnikanın imkanlarını nümayiş etdirmək idi. Bu missiyanı yerinə yetirmək üçün sovet pilot-sınaqçısı Nikolay İliç Stoqov seçildi. 10 oktyabr 1971-ci ildə günorta saatlarında Stoqov MiQ-25 RB təyyarəsində İzrailin hava məkanına daxil oldu. İzrail radarları naməlum uçan obyekti dərhal aşkarladılar. Obyekt tezliklə Təl-Əvivin üzərinə çatdı və şəhərin üzərində dövrə vurmağa başladı. Radarın məruzəsində deyilirdi ki, bu təyyarə görünməmiş bir yüksəklikdə uçur. Dərhal bir neçə "Dassault Mirage III" və "F-4 Phantom II" təyyarəsi pozucunu tutmaq üçün havaya qalxdılar. Amma bütün səylər boşuna idi. Stoqov hərbi maşının maksimal göstəricilərindən də artıq - 25000 metr yüksəklikdə uçurdu. Miraj və fantomların topları onu vura bilmirdilər. "Hawk" tipli zenit raket kompleksindən buraxılmış raketlər də hədəfə çata bilmədi. Stoqov, maşının texniki imkanlarını aşaraq 3960 km/saat sürətlə hərbi bazaya tərəf üz tutdu. Sürətin nəzərdə tutulduğundan xeyli yüksək olması səbəbindən təyyarənin titan örtüyü yolverilən 300 dərəcədən artıq qızdı, kabinənin germetikliyi tüstüləndi və əriməyə başladı. Tezliklə təyyarə bazaya çatdı, lakin kabinənin qapağı əridiyi üçün onu linglə açmalı oldular.

Bu, bir növ hərbi mesaj vermək xarakteri daşıyırdı. Nəticə Misir üçün olduqca müsbət oldu. İzrail Assuan su anbarını partlatmaq planından qəti əl çəkməli oldu. Plan reallaşacağı təqdirdə, dağıdıcı nəticələrinə və insan tələfatına görə bu əməliyyat Yaponiyaya atılmış atom bombalarından geri qalmayacaqdı.

Dünya nüvə müharibəsindən necə xilas oldu?

Cabbar Bayramov
Milli.Az