Bu gün səhər saatlarında Amerikada dünyasını dəyişən dünya şöhrətli alim Lütfi Zadənin cənazəsi Azərbaycana gətiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Zadə ailəsinin yaxın dostu, professor Lütfi Zadənin son aylarında onun hər zaman yanında olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verib.
Onun sözlərinə görə, sənədləşmə işləri təxminən 1 həftə çəkəcək: "Lütfi Zadənin cənazəsini 10 gündən sonra Azərbaycana gətirəcəyik. Son nəfəsinə qədər Lütfi Zadənin yanında olmuşam. Oğlu Norman atası dünyasını dəyişəndə onun yanında deyildi. Lütfi Zadə son nəfəsində məndən xahiş etdi ki, onun işlərinə həsr olunmuş Soft Computing üzrə Ümümdünya konfransını iki ildən bir təşkil edim. Sonra dedi ki, mənim bir layihəmi bitir və məqalə şəklində dərc etdir. Bundan başqa elmi məqalələrinin Azərbaycanda tətbiq olunması ilə bağlı işlər görməyimi tapşırdı. Mən də ona söz verdim. Xahiş etdi ki, onu müsəlman qaydası ilə dəfn edək. Beşinci gün Berkli Universitetində Lütfi Zadənin xatirəsi yad ediləcək. Yas və dəfn mərasimi isə doğma vətənində keçiriləcək".
Qeyd edək ki, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 4 fevral 1921-ci ildəBakı şəhərində Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib. //AzVision.az
| Lütfi Zadə Azərbaycanda dəfn ediləcək? - Nazirlikdən açıqlama-Oxumaq üçün tıkla |