İngiltərənin xarici işlər naziri Boris Conson Kataloniyadakı referendum zamanı baş verənlərdən narahat olduqlarını bildirib.

Metbuat.az-ın məlumatına görə, o, iqtidardakı Mühafizəkar Partiyanın Mançestrdəki illik konqresində referendumla bağlı fikirlərini dilə gətirib. Onun sözlərinə görə, İspaniya polis və jandarmasının referenduma müdaxilə zamanı gücdən istifadə etməyindən narahatdılar: “Şiddətə görə narahatıq. Hadisələrin sakitləşəcəyinə ümid edirik”.

O, Tvitter hesabından yazdığı mesajda İspaniyanı “yaxın müttəfiq və yaxşı dost” adlandırıb. Conson qeyd edib ki, ölkənin gücü və birliyi Birləşmiş Krallıq üçün əhəmiyyətlidir: “Kataloniya referendumu İspaniya hökumətinin və xalqının daxili işidir. İspaniya konstitusiyasına hörmət və qanunun aliliyinə riayət etmək vacibdir”.

Beynəlxalq ticarət naziri Liam Foks da Kataloniyadakı şiddəti qınayıb, referendumun İspaniyanın daxili işi olduğunu vurğulayıb. İşçi partiyasının lideri Ceremi Korbin polisin şiddətini “şok edici” adlandırıb. Tvitterdən paylaşdığı mesajda baş nazir Tereza Meyə müraciət edən Korbin, onu İspaniya baş naziri Mariyana Rahoyla danışaraq, şiddətə son verməyə çağırmağını istəyib.

Liberal Demokrat Partiyasının lideri Vins Kabl da xarici işlər naziri Consona müracətində qeyd edib ki, İspaniyanın London səfiri nazirliyə dəvət edilməli və polis şiddətinin qəbuledilməz olduğu bildirilməlidir.

Günay Elşadqızı \ METBUAT.AZ

Xocavəndin işğalından 25 il ötür - OXUMAQ ÜÇÜN TIKLA