Bu gün Ankaranın Türkiyənin paytaxtı elan olunmasından 94 il ötür.

Metbuat.az-ın məlumatına görə, Ankara Türkiyənin ikinci ən böyük şəhəridir. Bölgənin tarixi tunc dövrünə gedib çıxır. E.ə. II minillikdə burada xettlər öz sivilizasiyalarını qurmağa müvəffəq olublar. Qalatlar və kelt tayfaları bura gəldikdən sonra, e.ə. III əsrdə Ankaranı ilk dəfə paytaxt ediblər. O zamanlar Ankira adı ilə tanınırdı ki, bu da "lövbər" mənasını verir. Şəhərin XIX əsrə kimi şərqə gedən karvan yollarının üzərində ticarət əhəmiyyəti olub.

Mustafa Kamal Atatürkün Qurtuluş savaşını buradan idarə etməsi ilə Ankara yenidən mərkəz olub. 1920-ci ilin aprelində Ankarada Türkiyə Böyük Millət Məclisi təsis edilib və Osmanlı hakimiyyətinə alternativ hökumət qurulub. Şəhərin müharibə zamanı əhəmiyyətli rolu və strateji mövqeyi nəzərə alınaraq, 1923-cü il oktyabr ayının 13-ü yeni Türkiyə Cümhuriyyətinin paytaxtı elan edilib. Ankaranın ən əhəmiyyətli nöqtəsində yerləşən tikili Atatürkün dəfn edilməsi üçün inşa edilən və 1953-cü ildə tamamlanan ehtişamlı Anıtqəbir mavzoleyidir.

Ankara, paytaxt olmadan əvvəl 30 min əhalisi olub. Paytaxt elan olunduqdan sonra isə İstanbul və İzmirdən sonra əhalinin ən sıx yaşadığı üçüncü şəhərə çevrilib. Ankara hazırda əahlinin ən sıx məskunlaşdığı şəhərlər sırasında 38-ci sırada yer alıb. 5 milyon 200 min əhalisi olan Ankarada bu say hər gün daha da artır.

Günay Elşadqızı \ METBUAT.AZ