Bu gün dəmiryolu işçilərinin peşə bayramıdır.

Metbuat.az-ın məlumatına görə, prezident İlham Əliyev 7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün - Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Qeyd edək ki, Azərbaycanda yük və sərnişin daşımalarını həyata keçirən dəmiryolu nəqliyyatının yaranma tarixi XIX əsrin sonlarına təsadüf edir. Azərbaycanda neft sənayesinin inkişafı bunun daşınma zəruriyyətini yaradıb. Bu istiqamətdə polad magistralının əsası 1878-ci ildə qoyulub. 20 kilometr uzunluğunda olan Bakı-Suraxanı-Sabunçu xətti çəkilib və 1880-ci ildə istifadəyə verilib.

Uzun müddət Zaqafqaziya dəmiryolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan dəmiryolu keçmiş SSRİ Nazirlər Sovetinin 1955-ci il 11 oktyabr qərarı ilə Ümumittifaq Yollar Nazirliyinin tərkibindən ayrılaraq müstəqil dəmiryolu kimi fəaliyyətini davam etdirib.

Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Günay Elşadqızı \ METBUAT.AZ