“İstisna deyil ki, Ermənistan tərəfinin növbəti təxribatlarının şahidi olaq” - Elman Nəsirov

Oktyabrın 16-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü baş tutdu. Təxminən il yarımlıq fasilədən sonra baş tutan görüş, aprel hadisələrindən sonra sayca 3-cü görüş idi. 2016-cı ilin may ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda görüşlər keçirilib.

Ötən gün baş tutan görüşdən sonra Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat veriblər. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Cenevrədə zirvə görüşü keçiriblər. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iştirak ediblər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də qatılıb.

Görüş konstruktiv mühitdə keçib. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər.

Ancaq görüşdən sonra Ermənistan prezidenti Serj Sarkisyan Cenevrədə erməni diasporlarının nümayəndələri ilə görüşündə tamamilə başqa mövqedən çıxış edib və söhbətin gedişatı ilə bağlı yanlış məlumat çatdırıb. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirlinin sözlərinə görə, həmsədrlər belə bir görüşün keçirilməsində olduqca maraqlı idilər:

“Çünki hadisələrin gedişatı göstərir ki, belə görüşlər nə qədər az keçirilirsə, deməli münaqişənin müharibəyə çevrilmə ehtimalı bir o qədər artmış olur. Görüşün nəticələri haqqında ətraflı məlumat yoxdur. Amma Azərbaycan və Ermənistan Xarici işlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyənatı var. Bəyənatın məzmunundan belə bir məna hasil olur ki, Azərbaycan və Ermənistan prezidentləri yaranan gərginliyin aradan qaldırılmasında maraqlıdılar və bundan sonra da danışıqların davam etdirilməsində razılıq əldə edilib. Eyni zamanda, təmas xəttində atəşkəsin qorunub saxlanması ilə bağlı məsələlər əsas diqqət mərkəzində saxlanılır.

Lakin görüşdən sonra Ermənistan prezidenti Serj Sarkisyan Cenevrədə erməni diasporalarının nümayəndələri ilə görüşündə əslində bu danışıqlardakı razılaşmalara tamamilə zidd olan mövqe ortaya qoyub. O, qeyd edib ki, “bizim üçün ən önəmli məsələ Dağlıq Qarabağın təhlükəsizliyidir və danışıqlar prosesində də əsas diqqətdə saxlanılan məsələ bu olub. Eyni zamanda, Dağlıq Qarabağın Azərbaycanın hüdudlarından kənarda qalması məsələsi bizim üçün ən mühüm məsələdir və Ermənistanın bu məsələdə dəyişməz mövqeyi var”. Bir az da açıq desək, Ermənistan prezidenti görüşün ardınca diaspora nümayəndələrinə Dağlıq Qarabağın Azərbaycan ərazisi olmadığını, bu ərazinin müstəqil olması fikrini ortaya qoyub. Bu artıq ikiüzlülükdür. Çünki danışıqlar prosesində belə söhbət olmayıb”.

Millət vəkili deyir ki, biz artıq buna təəccüblənmirik: “Çünki Ermənistan prezidentini Avropa İttifaqında da sözünün üstündə durmayan, yalançı prezident kimi tanıyırlar. O, Avropa İttifaqı ilə assosiasiya haqqında sazişin imzalanması üçün 3 il danışıqlar aparmışdı. Ancaq imzalanma ərəfəsində 3 illik danışıqların üstündən xətt çəkdi və mövqeyini 180 dərəcə dəyişdi. Avropa İttifaqında, Brüsseldə bu hadisəni çox yaxşı xatırlayırlar və onların fikrində Ermənistan prezidenti yalançı, qeyri-ciddi obrazla formalaşıb.

Ermənistan prezidenti Cenevrə danışıqlarına uyğun gəlməyən mövqeyini ortaya qoyub. Bu, bir daha onu təsdiq edir ki, Ermənistanın münaqişə ilə bağlı qeyri-konstruktiv mövqeyində heç bir müsbət dəyişiklik yoxdur. Ermənistan hər zaman çalışır ki, danışıqlar prosesi ya baş tutmasın, ya da baş tutsa belə, fundamental məsələlər kənarda qalsın, qeyri-əsas məsələləri gündəmə gətirsin, bunun ardınca da təxribatlara əl atsın. İstisna deyil ki, biz, Ermənistan tərəfinin növbəti təxribatlarının şahidi olaq. Hesab edirəm ki, Ermənistan prezidentinin Cenevrə danışıqlarının ardınca verdiyi fikirlər artıq növbəti təxribatların başlanğıcı kimi dəyərləndirilə bilər”.

Qeyd edək ki, Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Novruz Məmmədov da özünün Tvitter hesabından Serj Sarkisyanın açıqlaması ilə bağlı fikrini qeyd edib: “Təəssüflər olsun ki, S. Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir. Ermənistan prezidenti bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI