Azərbaycan ordusu düşmənə hər an zərbə endirə bilər - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, oktyabrın 21-də Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Metbuat.az-ın məlumatına görə, Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən hərbi hissələrin komandirləri və digər məsul zabitlər də cəlb olunub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdıran nazir cəbhə xəttində yaranmış son vəziyyətin təhlilini apararaq qarşıda duran vəzifələri xüsusi qeyd edib.

General-polkovnik Z.Həsənov hərbi hissələrin, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, xidməti döyüş fəaliyyəti, bölmələrin manevr imkanları, qoşunların döyüş qabiliyyətinin artırılması, eləcə də düşmənin təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar müvafiq tapşırıqları bütün kateqoriyalardan olan komandir və rəis heyətinin diqqətinə bir daha çatdırıb.

Müşavirədən bir gün sonra, ötən gün Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

Cəbhə xəttindəki gərginliklə bağlı Metbuat.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli deyib ki, prezidentlərin görüşündə gərginlik yaradılmaması məsələsi müzakirə olunsa da, Ermənistan yenə də təxribatlarına davam edir:

“Bildiyiniz kimi, Ermənistan və Azərbaycan prezidentlərinin son görüşündə qoşunların təmas xəttində gərginlik yaradılmayacağına dair razılaşma əldə olunmuşdu. Ermənistan prezidenti Serj Sarkisyan da bu razılaşmanı təsdiq etmişdi. Lakin göründüyü kimi, görüşdən bir neçə gün sonra Ermənistan ordusunun qoşunların təmas xəttindəki təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi şəhid oldu. Bir daha şahid olduq ki, Ermənistan hakimiyyəti, başda prezidentləri Serj Sarkisyan olmaqla hamısı riyakarlıq nümayiş etdirirlər.

Beynəlxalq səviyyəli görüşlərdə sülh mövqeyindən çıxış edən kimi özlərini göstərsələr də, öz ölkələrinə qayıtdıqdan sonra bu fikirdən daşınırlar və təxribatları davam etdirirlər. Bu onun göstəricisidir ki, qoşunların təmas xəttində, ümumiyyətlə cəbhə xəttində hər hansı bir sakitliyin əldə olunması imkanı yoxdur və getdikcə daha da azalır”.

Ekspertin sözlərinə görə, cəbhə xəttində sakitliyin, hər hansı yumşalmanın olmasına, gərginliyin azalmasına dair inam və ümidlərimiz özünü doğrultmur. Ermənistan hakimiyyəti Qarabağ məsələsi ilə bağlı öz mövqeyini davamlı olaraq ortaya qoyur: “Onlar bu mövqeyi bildirirlər ki, “işğal etdiyimiz əraziləri Azərbaycana qaytarmaq və sülh razılaşmasını imzalamaqda maraqlı deyilik”. Bu baxımdan, biz bütün bunları nəzərə almalıyıq. Ermənistanın riyakar mövqeyini hərbi vasitələrdən istifadə edərək cəzalandırmalıyıq. Necə ki, prezident İlham Əliyev bir müddət əvvəl BMT kürsüsündən bununla bağlı konkret fikirlərini bildirib. Həmçinin, 2 gün əvvəl müdafiə naziri Zakir Həsənovun başçılığı ilə keçirilən müşavirədə də bu məsələyə dolayısı ilə toxunulub. Azərbaycan Silahlı Qüvvələri birmənalı olaraq, müharibəyə tam hazırdır. Göründüyü kimi, bütün mümkün imkanlar tükənib və münaqişənin həllinin hərbi vasitələrlə həyata keçirilməsi artıq vacib hal alıb”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI