ABŞ prezidenti Donald Tramp, Çinə ötən gündən başlayan və 3 gün davam edəcək rəsmi səfəri çərçivəsində bu ölkənin dövlət başçısı Şi Cinpinqlə görüşüb.

Metbuat.az-ın məlumatına görə, iki lider görüşdən sonra birgə mətbuat konfransı keçirərək, jurnalistlərə açıqlama veriblər. Şi bildirib ki, Trampın səfəri çərçivəsində iki ölkə arasında ticarət və sərmayə sahəsində 250 milyard dollarlıq müqaviləyə imza atıblar. İki ölkə arasındakı biznes ittifaqının potensial gücünü vurğulayan Şi, Vaşinqton və Pekin arasında yaxşı əlaqələrin olduğunu, bunun, bütün dünyanın rifahı və sabitliyi ilə bağlı yüksək qiymətləndirildiyini açıqlayıb.

Çinin rəsmi xəbər agentliyi “Xinhua”-dakı məlumata görə, Tramp Cinpinqə “Tək Çin” siyasətinə inandıqlarını bildirib. Çin lideri də Tayvanın iki ölkə arasındakı ən vacib məsələ olduğunu qeyd edib.

Qeyd edək ki, Çin, Tayvanın müstəqilliyini milli suverenlik baxımından problem kimi görür. Trampın protokolu pozaraq, dekabrda Tayvan lideri Tsai İnq-venə zəng vuraraq, onu təbrik etməsi Çinin böyük etirazına səbəb olub.

Xatırladaq ki, ABŞ prezidenti 13 günlük Asiya turunda Yaponiya və Cənubi Koreyaya səfərindən sonra ötən gün Pekinə gəlib. O, Şinin ikinci dəfə rəhbər seçildiyi Çin Kommunist Partiyasının (ÇKP) 19-cu Milli Konqresindən sonra bu ölkəni ziyarət edən ilk lider olub.

Digər tərəfdən, Tramp, Asiya turunda Rusiya prezidenti Vladimir Putinlə də görüşməyi planlaşdırır. Ancaq iki tərəf də hələ görüş üçün yer və zamanı açıqlamayıb. Nəhayət, bu gün Rusiyanın xəbər agentlikləri, Kremldəki mənbələrə əsaslanaraq, görüşün sabah Vyetnamda keçiriləcəyini ehtimal ediblər.

Günay Elşadqızı \ METBUAT.AZ