Həriri nəzarətə götürüldü

Bir neçə gün əvvəl istefa verən Livanın Baş naziri Səd Həriri Səudiyyə Ərəbistanında nəzarətə götürülüb.

Metbuat.az-ın məlumatına görə, beynəlxalq “Reuters” xəbər agentliyi bunu, Livanın yüksək vəzifəli rəsmisinə istinadən yayıb. Hökumət rəsmisi bildirib ki, Həririnin Livana geri dönməsi üçün beynəlxalq ictimaiyyət çağırış etməlidir. “Hizbullah”ın “Əl-Manar” televiziyasının xəbərinə görə, Livan prezidenti Mişel Avn Həririnin geri qaytarılması üçün diplomatik təşəbbüslərdən istifadə edəcək.

Şənbə günü Səudiyyə Ərəbistanında istefası verən Həriri “Hizbullah”ı və İranı bölgədə xaos yaratmaqda günahlandırıb. O gündən indiyədək ölkəsinə geri dönməyən Həririnin istefası hələ də qəbul edilməyib. Ötən gün Birləşmiş Ərəb Əmirliyinə gedən Həriri, yenidən Ər-Riyada geri dönüb.

Səudiyyə Ərəbistanı və Həririnin sözçüləri ev həbsi iddialarını rədd edib. Ancaq Hariri hələ də mövzu ilə bağlı iddialara cavab verməyib.

Qeyd edək ki, Səd Həriri şənbə günü gözlənilmədən Səudiyyə Ərəbistanında televiziya vasitəsilə istefasını elan edib. O, Livandakı siyasi vəziyyətin atası Rafiq Həririnin sui-qəsdə məruz qaldığı dövrdəki vəziyyətlə oxşar olduğunu iddia edib. Həyatına qarşı təhlükənin olduğunu əsas gətirən Həriri, televiziya çıxışında istefasını elan edib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR