Ötən gün Suriya-İraq sərhədindəki Əbu-Kamal qəsəbəsini İŞİD-dən azad edən Suriya ordusu terror təşkilatının liderini tuta bilməyib.
Metbuat.az-ın məlumatına görə, bu barədə məlumatı “Hizbullah”mənbələri yayıb. Məlumatda bildirilir ki, Bağdadi əməliyyat zamanı orada olub, lakin tutulmayıb.
Qeyd edək ki, Bağdadi ilk və son dəfə 2014-cü ilin iyun ayında Mosuldakı Əl-Nuri məscidindəki xütbədə görünüb. Rusiya yayda Bağdadinin hava hücumu nəticəsində öldürülməsini açıqlasa da, daha sonra bu xəbər təsdiqini tapmadı.
Suriya və İraq ordusu bir neçə gün ərzində sərhəddə əməliyyat keçirərək Əl-Qaim və Əbu-Kamalı İŞİD-dən təmizləyib. Hazırda İŞİD-in əlində sadəcə Fərat çayı yaxınlığındakı bir neçə qəsəbə qalıb. İraq və Suriya ordusunun silahlı qüvvələri geniş ərazini əhatə edən çöllükdə əməliyyat keçirməyə hazırlaşır.
Günay Elşadqızı / METBUAT.AZ