“Sind Əyaləti Azərbaycanla əməkdaşlığa hazırdır” - Baş nazir

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın Sind əyalətinə səfəri zamanı Karaçi şəhərində bu əyalətin baş naziri Seyid Murad Əli Şah ilə görüşüb.

Səfirlikdən Metbuat.az-a verilən məlumata görə, görüşdə səfir Əli Əlizadə Azərbaycanla Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin eyni zamanda hər iki ölkənin əyalətlərinə də sirayət etdiyini və bu əlaqələrin inkişafının zəruri olduğunu bildirib. Hər iki ölkənin bir birinə göstərdiyi dəstəyin önəmini vurğulayan Əli Əlizadə 2011-ci ildə Pakistanda, o cümlədən Sind Əyalətində baş vermiş sel daşqınları zamanı da Azərbaycanın Pakistanın yanında olduğunu və öz qardaşlıq köməyini göstərdiyini bildirib.

Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif əyalətlərində həyata keçirilən humanitar sosial yönümlü layihələr haqqında məlumat verən səfir bu cür layihələrin xalqlarımız arasında dostluq və qardaşlıq tellərini daha da möhkəmləndirdiyini qeyd edib. Cari ilin 9-12 noyabr tarixlərində Karaçidə keçirilmiş iqtisadi-ticari sərgidə azərbaycanlı iş adamlarının da iştirak etdiyini bildirən Əli Əlizadə Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, güzəştlər haqqında məlumat verib, Pakistanın Sind əyaləti ilə də iqtisadi-ticari əlaqələrin genişləndirilməsində iş adamlarının geniş imkanlarının olduğunu qeyd edib.

Sind Əyalətinin baş naziri Seyid Murad Əli Şah Azərbaycan-Pakistan əlaqələrinin inkişafının sevindirici olduğunu bildirərək, Sind Əyalətinin də Azərbaycanla əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb, əlaqələrin inkişafı üçün əyalətin imkanları haqqında məlumat verərək azərbaycanlı iş adamlarını əyalətdə həyata keçirilən iqtisadi-ticari, xüsusən alternativ enerji layihələrində iştirak etməyə dəvət edib.

Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR