“Növbəti qiymətləndirilmə 2020-ci ildə nəzərdə tutulur”

“Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi üzrə yaradılan elektron sistem qeyri-qanuni əlillik təyinatına heç bir halda imkan vermir”.

Metbuat.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev parlamentin Sosial siyasət komitəsinin son iclasından sonra bəzi KİV-lərdə yer alan fikirlərə münasibət bildirərkən vurğulayıb.

Qeyd edək ki, həmin iclasda bəzi millət vəkilləri tərəfindən səslənən fikirlərdə əvvəlki dövrlərdə, yəni elektron sistem tətbiq olunmamışdan öncə aparılmış əlillik təyinatlarının heç də hamısının şəffaf olmadığı, onların yenidən yoxlanılmasının vacibliyi ifadə edilib. E.Babayev bildirib ki, bununla belə, bəzi media orqanları yanlışlığa yol verərək, bu fikirlərin guya son illər aparılmış əlillik təyinatlarına aid olduğuna işarə vuran qeyri-obyektiv mövqe sərgiləyiblər: “Hansı ki, son zamanlar aparılan islahat tədbirləri əlillik dərəcələrinin verilməsi prosedurunun ekspert-vətəndaş təmasları olmadan, elektron sistem vasitəsilə tam şəffaflaşdırılmasına səbəb olub”.

Əvvəllər təyin olunmuş əlillik dərəcələrinin yoxlanılması ilə bağlı sözügedən iclasda qeyd edilənlərə gəldikdə isə, şöbə müdiri hazırda nazirlik tərəfindən bununla bağlı hər hansı iş aparılmadığını, lakin bu məsələyə gələcəkdə baxıla biləcəyini mümkün olduğunu diqqətə çatdırıb: “Əvvəlki dövrlərdə əlilliyi olan şəxslər hər il təkrar əlillik almaq üçün müraciət etməli olurdular. Bu da onların haqlı narazılığına səbəb olaraq, müəyyən bürokratik hallara şərait yaradırdı. Ona görə də mühüm islahat tədbiri kimi, 2016-cı il yanvarın 1-dək müəyyən edilmiş və həmin vaxtadək müddəti başa çatmamış birinci qrup əlillik sistem tərəfindən avtomatlaşdırılmış şəkildə müddətsiz müəyyən olunub, ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti isə eyni qayfa ilə beş ilədək uzadılıb. Yəni həmin şəxslərin əlilliyinin növbəti qiymətləndirilməsi 2020-ci ildə nəzərdə tutulur”.

Şöbə müdiri vurğulayıb ki, əlilliyin qiymətləndirilməsi zamanı insan müdaxiləsini, subyektiv yanaşmaları mümkünsüz edən yeni elektron sistem mövcud əlillik qruplarının verilməsində ünvanlılığı, obyektivliyi tam təmin edir və nəticədə, ilkin əlilliyin azalması özünü göstərir: “Cari ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə “TSERAS” daxil olan göndərişlər üzrə əlilliyin qiymətləndirilməsinə dair müraciətlərin hər birinə obyektiv və şəffaf şəraitdə baxılması təmin edilib və ilkin əlillik təyin edilmiş şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 23,4% azalıb”.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycan qanunları qarşısında cavab verəcəklər” - Millət vəkili


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR