“NATO ilə əlaqələri dayandırmağı düşünmürük, amma…”

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin ölkəsinin NATO ilə münasibətləri barədə Fransanın “24” televiziyasına müsahibə verib.

Metbuat.az-ın məlumatına görə, Kalin, Türkiyənin NATO-nun güclü mütəffiqi olduğunu bildirib: “Biz bir çox hərbi təlimlərdə iştirak etmişik. 50 ildən çoxdur ki, NATO-nun bir hissəsiyik. Təbii, bu məsələ diqqətlə araşdırılmalıdır ki, bu hadisəni kim törədib, şəkilləri ora kim yerləşdirib və s. Hərbi ittifaqda, belə sərt intizamı olan sistemdə necə bir şey ola bilər?”.

NATO-nun Türkiyədən üzr istədiyini xatırladan Kalin, bu məsələnin qəza olub-olmaması ilə bağlı suala cavabında deyib: “Bu barədə ətraflı detalları bilmirəm. Görəcəyik. Bu ana qədər hələ ki, NATO-nun açıqlamalarına əsaslanırıq. İstintaq olacağını düşünürük, bir neçə adamın işdən çıxarıldığını eşitmişik. Ancaq belə bir şeyin NATO-da necə ola bildiyini və bir daha olmayacağını bilmək üçün çalışırıq. Lakin bunun hər hansı bir ölkəyə edilməsi qəbul edilə bilməz. Xüsusilə, Türkiyənin qurucusu Atatürk və hazırki dövlət başçısı Ərdoğana qarşı belə bir addımın atılmasına reaksiya verməyəcəyimizi gözləmək olmaz. Bu, mümkün deyil”.

Kalin “Türkiyənin NATO ilə əlaqələrini kəsəcəyini düşünürsünüzmü?” sualına “Yox” cavabını verib. “Hələ də NATO-nun güclü və açıq müttəfiqisinizmi” sualına cavab verən Kalin deyib: “Bəli, eləyik, NATO-nun əhəmiyyətli müttəfiqiyik”.

ABŞ-Türkiyə əlaqələrindən danışan Kalin bildirib ki, Amerika ilə uzun keçmişi olan strateji müttəfiqlikləri var: “Ancaq son bir neçə ildə iki əsas problemimiz var. Birincisi, ABŞ-ın Suriyada İŞİD-lə mübarizə adı ilə PYD/YPG-yə verdiyi dəstəkdir. İkinci problem isə ABŞ-dakı Gülən şəbəkəsi ilə bağlıdır”.

Kalin bildirib ki, Türkiyənin ABŞ-dan qanun çərçivəsinin xaricində heç bir tələbi yoxdur: “Fətullah Gülənin Türkiyəyə qaytarılmasını, ABŞ-la 1960-cı illərdə imzaladığımız ekstradisiya müqaviləsinə əsasən istəyirik”. Türkiyənin bu məsələdə ümidini itirib-itirmədiyi sualına cavab verən Kalin deyib: “Bu məsələdə çalışmağa davam edirik. Ancaq bu, ikitərəfli əlaqələrimizə mənfi təsirini göstərir. Çünki əgər yaxın mütəffiqinə qarşı olan insana ölkəndə yer verirsənsə, buna necə qarşılıq verməyək?”

Qeyd edək ki, bir neçə gün əvvəl NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Hadisədən sonra NATO bu əmələ yol verən şəxslərin işdən çıxarıldığını açıqlayıb. Eyni zamanda, Türkiyədən həm şifahi, həm də yazılı şəkildə üzr istənilib. Ancaq Ərdoğan, Alyans rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib: “NATO təlimlərində yol verilən hörmətsizliyin şahidi oldunuz. Elə səhvlər var ki, onu səfeh yox, alçaq adamlar edir. Bu cür mövzu adi üzrxahlıqla bağlana bilməz”.

Günay Elşadqızı / METBUAT.AZ

“Putinin dilindən üçtərəfli görüş təşəbbüsünü eşidə bilərik” - Politoloq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR