Azərbaycanla bağlı forum keçirildi

Almaniyanın paytaxtı Berlində Azərbaycanın nəqliyyat, tranzit və loqistika potensialına həsr olunmuş “Trans-Xəzər Şərq-Qərb ticarət və tranzit dəhlizinin imkanları” adlı biznes forum keçirilib.

Səfirlikdən Metbuat.az-a verilən məlumata görə, tədbir Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı, Alman-Azərbaycan Forumu, Alman İqtisadiyyatının Şərq Komitəsi və “Deutsche Bank”ın dəstəyi ilə baş tutub.

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxışında ölkəmizin iqtisadiyyatının diversifikasiyasında və qeyri-neft sektorunun inkişafında nəqliyyat sektorunun əhəmiyyətini vurğulayıb və Azərbaycanın trans-regional nəqliyyat bağlantılarının daha da gücləndirilməsinə verdiyi töhfə barədə söz açıb. Səfir Azərbaycanın həyata keçirdiyi regional layihələr və alman şirkətləri üçün yaranan biznes perspektivlərini qeyd edib.

Ramin Həsənov həmçinin Ermənistanın təcavüzü nəticəsindəAzərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını və işğal olunmuş ərazilərimizdə nəqliyyat infrastrukturunun vəhşicəsinə dağıdıldığını iştirakçıların diqqətinə çatdırıb, işğalın regional əməkdaşlığa və davamlı inkişafa əsas maneə olduğunu vurğulayıb.

Alman İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Mixael Harms çıxışında cari ildə Azərbaycanda səfərdə olduğunu və təmsil etdiyi Alman İqtisadiyyatının Şərq Komitəsinin gələn il ölkəmizə yüksək səviyyəli nümayəndə heyətinin səfərini həyata keçirəcəyini bildirib. Natiq ölkəmizdə dinamik inkişafın şahidi olduğunu, müxtəlif sahələrdə iqtisadi islahatların aparıldığını və nəticədə Azərbaycanın nəqliyyat və loqistika sahələrində əməkdaşlıq üçün yeni imkanların yarandığını qeyd edib.

Daha sonra Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofisinin rəhbəri Elçin Əhmədov “Trans-Xəzər nəqliyyat dəhlizinin perspektivləri”, Dövlət Dəniz Administrasiyasının aparatının rəhbəri Əhməd İsmayılov “Trans-Xəzər dəhlizi vasitəsilə dəniz nəqliyyatı”, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Ticarət Dövriyyəsində Yüklərə Nəzarət Şöbəsinin baş inspektoru Fərid Vəliyev “Gömrük və sərhəd keçidinin asanlaşdırılması”,Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun müşaviri Tural Əliyev “Bir Kəmər, Bir Yol təşəbbüsünün reallaşdırılmasında Ələt azad ticarət zonası əsas alət kimi”, “ADY Konteyner” MMC-nindirektoru Natiq Cəfərov “Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb dəmir yolu şəbəkələri vasitəsilə yeni tranzit imkanları” mövzularında məruzələrlə çıxış ediblər. Forumda Trans-Xəzər nəqliyyat dəhlizi haqqında video-çarx nümayiş olunub.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR