Üzeyir Hacıbəylinin anım günüdür

Bu gün görkəmli azərbaycanlı bəstəkar, musiqişünas-alim, professor publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin, milli operasının banisi Üzeyir Hacıbəylinin anım günüdür.

Metbuat.az-ın məlumatına görə, Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub. Şuşa yaxınlığındakı Ağcabədi kəndində mirzə ailəsində doğulan Üzeyirin ailəsi bir aydan sonra onun ailəsi Şuşaya köçüb. İlk təhsilini Şuşadakı iki sinifli rus-türk məktəbində alıb. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb.

Seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Hacıbəyli Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs deyb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyeton və satirik miniatürlər dərc etdirib.Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" muğam operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub.

Üzeyir Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" ,"Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu" ,"Əsli və Kərəm","Harun və Leyla" operalarını yazıb. O, 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub və burada "Arşın mal alan" musiqili komediyasını yazıb. Azərbaycan musiqi sənətinin inkişafında və dünyada tanınmasında misilsiz xidməti olan Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR