Birgə Komissiyanın ilk iclası keçirildi

Azərbaycanla Xorvatiya arasında 2016-cı ildə ticarət dövriyyəsinin həcmi 284,7 mln. ABŞ dolları təşkil edib.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasında həmsədr, vergilər naziri Fazil Məmmədov deyib. Onun sözlərinə görə, bunun 51,2 mln. dolları idxalın, 233,5 mln. dolları ixracın payına düşüb. 2017-ci ilin yanvar-sentyabr ayları üzrə ticarət dövriyyəsi 105 mln. ABŞ dolları həcmində olub.

Ölkələr arasında ikitərəfli münasibətlərə böyük töhfələr verə biləcək bir çox perspektivli sahələr olduğunu vurğulayan F.Məmmədov son illər Azərbaycanda müxtəlif yeni sənaye parklarının yaradıldığını və bu parklarda investorlar üçün cəlbedici şərtlərin, o cümlədən vergi güzəştlərininmövcud olduğunu komissiya üzvlərinin diqqətinə çatdırıb.

Energetika sahəsində əməkdaşlığın önəmini vurğulayan nazir bildirib ki, Xorvatiya Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Transadriatik qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsində maraqlıdır. Azərbaycan eyni zamanda həm TAP, həm də İon-Adriatik qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayan dövlətlərdən biridir. Qeyd olunub ki, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri tamamlanaraq İon-Adriatik kəməri ilə bir şəbəkəyə qoşulmaqla gələcəkdə Azərbaycan təbii qazının Balkan ölkələrinə nəqlinə nail olunacaq.

İclasın sonunda Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Xorvatiya Respublikası baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliç imzalayıblar.

Günay Elşadqızı / METBUAT.AZ


“Bu, Azərbaycan diplomatiyasının qələbəsidir” - Arzu Nağıyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR