Gürcüstanın paytaxtı Tbilisidə "Tbilisi Kəmər və Yol Forumu" çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (qısaca Bakı Limanı - red.) və Anaklia İnkişaf Konsorsiumu MMC (AİK) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Milli.Az xəbər verir ki, müqaviləni Bakı Limanının Baş direktoru Taleh Ziyadov və AİK-in Baş icraçı direktoru Levan Axvlediani imzalayıblar.

Limandan Milli.Az-a bildiriblər ki, Trans-Xəzər marşrutunun artan rolu, Azərbaycan və Gürcüstan ərazisində logistika xidmətlərinin inkişafında ortaq maraqlar, o cümlədən, nəqliyyat logistikası sahəsində daha innovativ yanaşmalara əsaslanan biznes əməkdaşlığının qurulması istəyi bu əməkdaşlığa təkan verən amillər arasındadır.

Memoranduma əsasən, qeyd olunan qurumlar arasında əməkdaşlıq genişlənəcək və təcrübə mübadiləsi həyata keçiriləcək. Bununla yanaşı, memorandum liman idarəçiliyi, həm də liman heyətinin təlim və tədrisi sahələrində əməkdaşlıq və təcrübə mübadiləsini ehtiva edir. Trans-Xəzər marşrutu boyunca vahid və rəqabətədavamlı tariflərin verilməsi, konteyner və quru yük daşımasını artırmaq üçün ortaq planların hazırlanması da memorandumun şərtləri arasındadır.

Xatırladaq ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində Bakı Limanı Qazaxıstanın Aktau və Kurik limanları, Gürcüstanın Poti və Batumi limanları, Türkiyənin Samsun limanı və Rumıniyanın Konstanta limanı ilə də əməkdaşlıq edir.
Bakı Limanı, həmçinin son illərdə Antverpen, Panama, Aktau və Poti limanları ilə də Anlaşma Memorandumu imzalayıb, Qətər və Sinqapur limanı ilə isə sıx əməkdaşlıq edir.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində