“Ermənistan beynəlxalq hüququ qəbul etmək fikrində deyil” - Mübariz Əhmədoğlu

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Kiyev şəhərində keçirilən 50-ci sessiyasında bəyannamə qəbul olunub.

Bəyannamədə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsinə dair bənd öz əksini tapıb. Bu, Ermənistanın QDİƏT-in sessiyasında iştirak edən nümayəndə heyətinin etirazına səbəb olub. Ona görə də bəyannamə səsə qoyulan zaman Ermənistan nümayəndə heyəti iclas zalını tərk edib.

Sessiyada Azərbaycan Milli Məclisinin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov sessiyada iştirak ediblər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, erməni tərəfi məlumat yayıb ki, guya Ukrayna Azərbaycanın sözü Ermənistan nümayəndə heyətinin rəhbərini sessiyaya dəvət etməyib: “Guya Kiyev bu addımı Bakının sözü ilə atıb. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Kiyev iclasında iştirak edən nümayəndə heyətlərinin başçıları sənəd qəbul ediblər ki, üzv dövlətlərin ərazi bütövlüyü və dövlət suverenliyi dəstəklənir, münaqişələr də bu əsasda tənzimlənməlidir. Bundan xəbər tutandan sonra Ermənistan tərəfi həmin iclası tərk edib. Burda 2 məqam var. Birincisi budur ki, Avropa İttifaqının Brüssel sammitində qəbul olunan qərarlar öz təsirini göstərir. Yəni Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı da çalışır ki, öz sənədini Brüssel sammitinin sənədinə uyğunlaşdırsın. Çünki Brüssel sammitində bütün üzv dövlətlərin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və dövlət suverenliyi dəstək ifadə edilmişdi. Eyni zamanda, bu, Ermənistanın hədsiz dərəcədə nüfuzdan düşdüyünün göstəricisidir. Ermənistanı hətta iclasa dəvət etməyi məsləhət bilmirlər.

Qaldı ki, Ermənistanın yaydığı bəyənata, əslində, Ermənistan bir daha sübut elədi ki, beynəlxalq hüququ qəbul eləmək fikrində deyil. Həm orada olan nümayəndə heyəti bəyənat verib, həm də Ermənistan Parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov məlumat yayıb ki, guya Ukrayna və Azərbaycan tərəfi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sənədini razılaşdırıb və beynəlxalq hüquqa zidd addım atıblar. Nə imiş bizim zidd addımımız – biz, ərazi bütövlüyü prinsipini dəstəkləyirik. Əslində, Avropa İttifaqının Brüssel sammiti də Şərq Tərəfdaşlığı məkanında olan münaqişələrin ərazi bütövlüyü prinsipləri ilə tənzimlənməsinin tərəfdarıdır. Ona görə də ermənilərin o hay-küyü heç bir yerə çatmayacaq. Düşünürəm ki, bir daha özləri-özlərini rüsvay edəcəklər ki, onlar beynəlxalq hüququ qəbul etmək fikrində deyillər”.

Günay Elşadqızı / METBUAT.AZ

Ermənistan nümayəndə heyətindən tərbiyəsizlik


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı