“Azərbaycanın gördüyü işlər Əfqanıstanı yaxşı gələcəyə aparacaq” - Mübariz Əhmədoğlu

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib.

Konfrans çərçivəsində prezident İlham Əliyev bildirib ki, Əfqanıstanla diplomatik münasibətlərin tarixinə nəzər salsaq, hazırda əməkdaşlığımız ən yüksək səviyyədədir: “Biz yaxşı tərəfdaş və dostuq. Dediyim kimi, biz cənab Prezidentlə mütəmadi qaydada görüşürük və bu, Prezident Əşrəf Qaninin Azərbaycana üçüncü səfəridir. Bunun özü bizim tərəfdaşlığımızın nə dərəcədə yüksək olmasının göstəricisidir”.

Siyasi əlaqələrimizi yüksək qiymətləndirən dövlət başçısı qeyd edib ki, beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik: “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həll edilməsi məsələsində Əfqanıstanın ədalətli mövqeyinə görə minnətdarıq. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyir. Biz Qətiyyətli Dəstək Missiyasının iştirakçısıyıq. Biz multimodal tranzit və hava məkanımızdan istifadəni təmin edirik. Qərar qəbul etmişik ki, Əfqanıstanda xidmət aparan hərbçilərimizin sayını artıraq və bununla da Əfqanıstanda sabitlik, sülh və inkişafa töhfə verək”.

Sabitliyin yalnız iqtisadi və sosial inkişaf yolu ilə təmin olunduğunu bildirən prezident bildirib ki, bu səbəbdən müzakirə etdiyimiz mövzular arasında hər zaman iqtisadi xarakterli məsələlər var. Prezident bildirib ki, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə nəqliyyat şəbəkəsinə dair də müzakirələr aparıblar və hər iki irimiqyaslı nəqliyyat layihələrinin iştirakçılarıdır.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan şirkətləri Əfqanıstanda podratçı və investor qismində işləmək arzusundadırlar və buna hazırdırlar: “Bizim müvafiq təcrübəmiz var və biz Əfqanıstandakı qardaşlarımıza faydalı olmaq istəyirik. Nəzərə alsaq ki, Prezident və onun həmkarları Əfqanıstanda nəhəng layihələr həyata keçirir və müəyyən planlar da mövcuddur, burada birgə biznes fəaliyyəti üçün böyük potensial var”.

Azərbaycanla Əfqanıstan əlaqələri barədə Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycanın Əfqanıstan üzrə siyasəti ölkəmizin tamam yeni bir keyfiyyətdə dövlət olduğunun göstəricisidir: “Hesab edin ki, Azərbaycan hazırda Əfqanıstanın hamisi vəziyyətindədir. Bu gün o qədər də görünmür, ölkə rəhbərliyi və rəsmiləri bunu demirlər, amma faktlar özü göstərir ki, Azərbaycan Əfqanıstanı düşdüyü vəziyyətdən çıxarmağa çalışan dövlətlərdən biridir. Belə dövlətlər çox azsaylıdır. Əminəm ki, Azərbaycanın gördüyü işlər Əfqanıstanı çox yaxşı gələcəyə çıxaracaq. Əfqanıstanın daxilində iqtisadiyyat da inkişaf edəcək. Bu, həm Əfqanıstan, həm də Azərbaycan üçün faydalı olacaq. Biz Əfqanıstanda sülhməramlı missiyası yerinə yetiririk, diplomatların, xüsusi təyinatlı hərbçilər üçün onların hazırlığı ilə məşğuluq, Əfqanıstan üçün vacib tranzit ölkəsiyik. Bilirsiniz ki, ABŞ-la Pakistanın arasında çox tez-tez problem yaranır, ona görə NATO və ABŞ Əfqanıstanla olan vacib əlaqələri əksər hallarda Azərbaycan üzərindən yerinə yetirirlər. Eləcə də Azərbaycan bu il “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransını keçirdi. Burda da elə əsas məqsəd Əfqanıstana təkcə maliyyə baxımından yox, həm də iqtisadi, siyasi baxımından donorluq etmək idi. Düşünürəm ki, Azərbaycan həm öz imkanlarını genişləndirir, Əfqanıstan bilirsiz, artıq qərar qəbul edib ki, öz yüklərini Azərbaycan ərazisi vasitəsilə daşısın, o, “Lazurit” layihəsinə qoşulub. Bildiyiniz kimi, “Lazurit” ötən ay Türkmənistanda imzalandı və Əfqanıstan, Türkmənistan ərazisi vasitəsilə Xəzəri keçməklə Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulur. Yəni, Əfqanıstanın yükləri də Azərbaycan üzərindən daşınacaq.

Əlaqələri çox yüksək qiymətləndirmək lazımdı, yenə deyirəm, Azərbaycan-Əfqanıstan siyasəti ölkəmizin tamam yeni bir keyfiyyətli dövlət olduğunun göstəricisidir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistanın bu addımının qarşısı alınmasa, terror təhlükəsi...” - Aydın Mirzəzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI