Xoşbəxt Yusifzadə haqqında çəkilmiş "Fədakar" filmi təqdim olunub

Xoşbəxt Yusifzadə haqqında çəkilmiş "Fədakar" filmi təqdim olunub
20:18 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filminin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Ssenari müəllifi Eldar İskəndərzadə olan ikihissəli bədii-sənədli film Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” kitabındakı həyat oçerkləri əsasında çəkilib.

“Fədakar” filmində X.Yusifzadənin ömrünün maraqlı anları, həyat hekayələri xronoloji ardıcıllıqla təqdim edilir. Film əfsanəvi Neft Daşlarında, Bakı şəhərinin müxtəlif guşələrində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb.

Filmdəki obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Şamil Süleymanov və başqaları canlandırıblar.

Ekran əsərinin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Rafiq Quliyev, məsləhətçisi Xalik Məmmədovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR