“Pxenyan rəhbərliyi Seul rəhbərliyinə görüş təklifini qəbul etdiyini açıqlayıb”.
Metbuat.az-ın məlumatına görə, bunu Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Baek Tae-hyun keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 9 yanvarda keçiriləcək görüşün əsas gündəmi əlaqələrin necə irəliləməsi və işçi qrupların müəyyən edilməsi olacaq. Nazirlik sözçüsü bildirib ki, görüşdə Şimali Koreya tərəfinin gələn ay Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiya oyunlarına qatılması da müzakirə ediləcək.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In yanvarın 1-də keçirdiyi Yeni il danışığında Cənubi Koreyada keçiriləcək Qış Olimpiya oyunlarına heyət göndərə biləcəklərini və bununla bağlı Seulla danışıqlara açıq olduqlarını qeyd edib.
Cənubi Koreyanın Birləşmə Nazirliyi Pxenyan rəhbərliyinə cavabında bildirib ki, onlar Olimpiya oyunlarından əvvəl Şimali Koreya ilə yüksək səviyyədə görüş təklif ediblər. Cavabda deyilir ki, Cənubi Koreya Olimpiya oyunlarına hazırlaşdığı vaxt, Şimali Koreya ilə aralarındakı gərgin münasibətlərin düzəlməsi məsələsini də gündəmə gətirməyə çalışacaqlar.
Günay Elşadqızı / METBUAT.AZ