Yağıntılarla əlaqədar son günlər Səbail rayonundakı Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpıb, torpaqda çatlar əmələ gəlib. Sürüşmə ilə əlaqədar olaraq 100-dən çox evin sakini ərazidən köçürülüb.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və Landşaft Planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov Metbuat.az-a açıqlamasında bildirib ki, Teleqüllə ərazisi klassik sürüşmə zonasıdır:
“Sürüşmənin Teleqülləyə təsiri yoxdur. Çünki Teleqüllənin fundamenti çox dərinə işləyib. Əhalinin köçürülməsi məqsədəuyğundur. Ümumiyyətlə, Bakıda Şəhidlər Xiyabanından Bibiheybət məscidinə qədər olan yamaclar sürüşmə, uçqun təhlükəsi olan ərazilərdir. Həmçinin yeni tikililərin yayıldığı Masazır ərazisi, Köhnə Günəşli və Əhmədlidə təhlükəli zonalar var. Bakı ərazisində xeyli belə sahələr görmək mümkündür. Bakı ərazisində sürüşmələrin kifayət qədər fəallığı var. İndiki elmi-texniki inkişafın səviyyəsi sürüşməyə qarşı mübarizə aparmağa imkan verir.
Respublikanın ayrı-ayrı yerlərində - Böyük Qafqazın cənub-şərq hissələri, şimal-şərq, cənub yamacları sürüşmənin ən fəal olduğu sahələrdən biridir. Son zamanlar yerləşim yerlərinin azalması ilə bağlı kəndlilər daha çox təhlükəli zonalarda, aktiv sürüşmə sahəsində evlər tikirlər. Bu da sonradan problemlər yaradır. Belə evlər tikməzdən əvvəl mütləq icra orqanlarının, bələdiyyənin rəyi olmalıdır”.
Xəyalə Məmmədova / METBUAT.AZ
DİQQƏT! Yollar buz bağlayacaq - Bu gündən temperatur aşağı enir – OXUMAQ ÜÇÜN TIKLAYIN!