Bakı. 26 yanvar. REPORT.AZ/ "Hesab edirəm ki, Qeyri-Hökumət Təşkilatlarna Dövlət Dəstəyi Şurasının indi ayrılan vəsaitdən ən azı 3-4 dəfə artıq vəsait ayrılmalıdır.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Azay Quliyev deyib.
O, həmçinin bildirib ki, rəhbərlik etdiyi Şura özəl qurumları QHT-lərin layihələrini maliyyələşdirməyə dəvət etmək niyyətindədirlər: “Biz düşünürük ki, QHT Şurasının ayrıca bank hesabını açaq. Bu hesabı isə özəl sektora həvalə edək. Qoy özəl sektor da QHT-lərin layihələrini maliyyələşdirsin”.
Onun sözlərinə görə, QHT-lərin layihələri çərçivəsində hazırlanan sosial çarxların keyfiyyəti ürəkaçan deyil: "Sosial çarxların bir çoxu televiziya kanallarında nümayiş etdilrilmək səviyyəsində deyil. Təklif edirəm ki, bundan sonra QHT-lər televiziyalarla öncədən danışsın”.
A.Quliyev QHT-lərin hazırladığı layihələrdə nöqsanların olduğunu da deyib: "Ötən il 650-yə yaxın QHT bizə müraciət edib. Onlardan 647-si sonradan layihə göndərib. Bu QHT-lərdən 131-i bizə sonra müraciət edərək bildirib ki, hesabatlarda nöqsanlar vaar. Biz həmin QHT-lərin 125-nin müraciətinə müsbət, 6-nın mürtaciətinə isə mənfi cavab verdik. Səhvlər isə texniki məsələlərlə bağlı olub. Məsələn hansısa QHT sədrinin adı unudulub və yaxud lazım olan çıxarış, başqa sənəd təqdim edilməyib. Axı siz neçə illərdir ki, bizimlə çalışırsnız və yenə səhvlər edirsiniz. Bu dəfə sonuncu dəfə sizin texniki səhvlərinizi bağışladıq. Bundan sonra belə səhvlər edən QHT-lər texniki seleksiyadan keçməyəcək”.
Onun sözlərinə görə, QHT Şurasının xidmətrinin elektronlaşdırılması nəzərdə tutulub: "Bundan sonra QHT-lər layihələrini də elektron şəkildə təqdim edəcəklər. Həmçinin Şuranın fəaliyyəti ilə bağlı məlumatları təqdim etmək üçün smartfonlar üçün xüsusi əlavə hazırlamağı düşünürük”.
Şura sədri həmçinin bu il “Azərbaycan Xalq Cümhuriyəti ili" ilə bağlı da ayrıca tədbirlər görəcəklərini bildirib.