Respublika ərazisində vəhşi heyvanların və quşların ovlanmasının müddət və normaları mövcuddur.

Bu normalarda hansı vəhşi heyvanın hansı tarixlərdə və nə qədər ovlanılması göstərilir. Nümunə kimi bildirək. 2017-2018-ci illərdə çöl ördəyinin (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla) ovlanması 14 oktyabr 2017-ci il – 10 mart 2018-ci il tarixlərində nəzərdə tutulur. Həmin müddət ərzində bir ovçu maksimum 4 ördək ovlaya bilər. Lakin bu gün ov icazəsi əldə edən bəzi ovçular bu normaları gözləmirlər.

Normadan artıq heyvanın ovlanmasına görə həmin ovçuları hansı cərimələr gözləyir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə Metbuat.az-a açıqlamasında bildirib ki, hər il ov mövsümü başlayanda normalar müəyyən olunur:

“Nazirliyin yanında Ov Məsələləri Üzrə Elmi Koordinasiya Şurası var. Ora mütəxəssislər, alimlər, ekspertlər cəlb olunur. Burada heyvanların ovlanma müddəti və ovlanılacaq heyvanın sayı qeyd olunur. Qanunu icazə alan ovçu göstərilən normadan artıq heyvan ovlayarsa, bu zaman Nazirlər Kabinetinin 176 saylı qərarı var. Həmin qərara əsasən, normadan artıq vurulan heyvanlar qərarda göstərilən siyahıya uyğun hesablanır və əlavə olaraq ödənilir. Yəni, bununla bağlı xüsusi cərimə tədbiq olunmur. Ovçu normadan artıq vurulan heyvanın sayına görə təbiətə dəymiş ziyanı ödəyir.

Şəxs qanunsuz əraziyə giribsə, yəni əlində ov icazəsi yoxdursa, bu zaman İnzibati Xətalar Məcəlləsinə əsasən qanunsuz ova görə cərimə nəzərdə tutulur. Həmin şəxsi 1000 manatdan 2000 manata qədər cərimə gözləyir. Üstəlik, həmin şəxslər təbiətə dəyən ziyana görə, Nazirlər Kabinetinin 176 saylı qərarına əsasən, ovladığı heyvanın sayının cəriməsini ödəyir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Kanalizasiya problemi həllini tapacaq - Qəsəbə və kəndlərdə - OXUMAQ ÜÇÜN TIKLAYIN!