“Avtomobil kreditləri yenidən bərpa oluna bilər”.
Azərbaycanda avtomobil bazarının əsas hərəkətverici qüvvəsi olan avtomobil kreditlərinin bir neçə il öncə dayandırılması bazardakı alıcı qüvvəsinə bu gün təsir etməkdədir.
Belə ki, bu gün satıcılar alıcı qabiliyyətini artırmaq üçün müxtəlif üsullara əl atsalar da, avtomobil kreditlərinin verdiyi effekti verə bilmir.
İqtisadçı Qadir İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, avtomobil kreditləri yenidən bərpa oluna bilər:
“Dolların manata nisbətdə məzənnəsi sabit qalacaqsa, yaxın perspektivdə həmin kreditlərin bərpası mümkün ola bilər. Bu, manatın dayanıqlığı ilə bağlı məsələ idi. Manat stabil qaldığı üçün kreditlər də effektiv idi. Manatın məzənnəsinin dəyişməsi xaricdən gətirilən avtomobillərə təsirini göstərdi. Manat bu həddə qalmağa davam edərsə, təbii ki, həmin kreditlər yenidən bərpa oluna bilər”.
İqtisadçı Əli Əhmədov isə açıqlamasında qeyd edib ki, banklar bu gün lizinqlə avtomobil satışı həyata keçirirlər:
“Avtomobil kreditləri indi də var. Lakin şərtlər çətinləşdirildiyinə görə bəziləri lizinqlə verməyə üstünlük verirlər. Bu da marağın azalmasına gətirib çıxarır. Xaricdən gətirilən avtomobillərin sayı 2016-cı ildən azalmağa başlayıb. Lakin keçən il bu rəqəmlər nisbətən yüksəlib. Dolların məzənnəsi qalxdığına görə, xaricdən gətirilən avtomobillər bahalaşdı. Bu səbəblə, onlara tələbat azaldı”
Xəyalə Məmmədova / METBUAT.AZ
"Bitcoin" yenidən bahalaşdı - Qiymət – Oxumaq üçün tıklayın!